Sosializm və Müharibə

MÜNDƏRİCAT

Sosializm və Müharibə

Kitabda adı çəkilən şəxslər haqqında


Sosializm və Müharibə

1-ci (XARİCİ) NƏŞRƏ MÜQƏDDİMƏ

Müharibə bir ildir davam edir. Partiyamız müharibəyə öz münasibətini müharibənin lap əvvəlində, MK-nın 1914-cü ilin sentyabr ayında tərtib edilən və (MK üzvlərinə, habelə partiyamızın Rusiyadakı məsul nümayəndələrinə göndərilib onların razılığı alınandan sonra) 1914-cü il noyabrın 1-də partiyamızın Mərkəzi Orqanı “Sosial-Demokrat”ın 33-cü №-sində çap edilən manifestində müəyyən etmişdir. Sonra 40-cı №-də (29 mart 1915-ci il) Bern konfrasının qətnamələri çap edilmişdi ki, bunlarda da prinsiplərimiz və taktikamız daha dürüst şərh edilirdi.

Hazırda Rusiyada kütlələr içərisində inqilabi əhvali-ruhiyyə açıq-aydın artır. Öz hökümətlərinin və öz burjuaziyasının tərəfindən proletariatın inqilabi səylərinin boğulmasına baxmayaraq, başqa ölkələrdə də hər yerdə belə bir halın əlamətləri görünür. Belə bir vəziyyət, müharibəyə münasibət məsələsində s.-d. [sosial demokratların] taktikasını yekunlaşdıran bir kitabçanın nəşrini xüsusi təkidlə tələb edir. Yuxarıda göstərilən partiya sənədlərini bütünlüklə yenidən çap edərək, ədəbiyyatda və partiya yığıncaqlarında burjua taktikası lehinə və proletar taktikası lehinə gətirilən bütün başlıca dəlilləri nəzərə almağa çalışaraq həmin sənədlərə qısa izahat veririk.

2-ci NƏŞRƏ MÜQƏDDİMƏ

Bu kitabça 1915-ci ilin yayında lap Simmervald konfransının çağırılması ərəfəsində yazılmışdır. Kitabça alman və fransız dillərində də çıxmış və Norveç s.-d. Kəndlər təşkilatının orqanında Norveç dilində bütünlüklə çap edilmişdir. Kitabçanın almanca nəşri qeyri-leqal surətdə Almaniyaya - Berlin, Leypsiq, Bremen şəhərlərinə və başqa şəhərlərə aparılıb Simmervald sol qrupunun tərəfdarları və Karl Libknext qrupu tərəfindən qeyri-leqal surətdə yayılmışdır.

Fransızca nəşri Parisdə qeyri-leqal çap edilmiş və fransız simmervaldçıları tərəfindən yayılmışdır. Rusca nəşri Rusiyaya çox məhdud miqdarda çatdırılmış və Moskvada işçilər onun üzünü əl ilə köçürmüşlər.

Bu kitabçanı biz indi bir sənəd kimi bütünlüklə yenidən çap edirik. Oxucu daim yadında saxlamalıdır ki, kitabça 1915-ci ilin avqustunda yazılmışdır. Bunu, xüsusən Rusiyadan bəhs olunan yerlərdə yadda saxlamaq lazımdır: o zaman Rusiya hələ çar, Romanovlar Rusiyası idi...

I FƏSİL

SOSİALİZM PRİNSİPLƏRİ VƏ 1914-15-ci İLLƏR MÜHARİBƏSİ

Sosialistlərin müharibələrə münasibəti

Sosialistlər xalqlar arasında müharibələri, barbarlıq və vəhşilik olduğuna görə həmişə pisləmişlər. Lakin müharibəyə bizim münasibətimiz, burjua pasifistlərinin (sülh tərəfdarları və təbliğatçılarının) və anarxistlərin münasibətindən prinsipcə başqadır. Birincilərdən biz onunla fərqlənirik ki, müharibələrin ölkə daxilindəki siniflər mübarizəsi ilə labüd əlaqəsini başa düşürük, sinifləri məhv etmədən və sosializm yaratmadan müharibələri məhv etməyin mümkün olmadığını başa düşürük; habelə onunla fərqlənirik ki, biz vətəndaş müharibələrinin, yəni zalım sinfə qarşı məzlum sinfin, quldarlara qarşı qulların, mülkədarlara qarşı təhkimli kəndlilərin, burjuaziyaya qarşı muzdlu işçilərin müharibələrinin qanuni, mütərəqqi və zəruri olduğunu tamamilə qəbul edirik. Biz marksistlər pasifistlərdən də, anarxistlərdən də onunla fərqlənirik ki, hər bir müharibəni tarixən (Marksın dialektik materializmi baxımından) ayrılıqda öyrənməyin zəruri olduğunu qəbul edirik. Tarixdə dəfələrlə elə müharibələr olmuşdur ki, hər cür müharibə ilə labüd

əlaqədar olan bütün dəhşətlərə, vəhşiliklərə, fəlakətlərə və müsibətlərə baxmayaraq, mütərəqqi müharibə olmuş, yəni çox zərərli və mürtəce təsisatın (məsələn, mütləqiyyətin və ya təhkimçiliyin), Avropada ən vəhşi istibdadın (türk və rus istibdadının) dağılmasına kömək edərək bəşəriyyətin inkişafına fayda vermişdir. Buna görə də məhz indiki müharibənin tarixi xüsusiyyətlərini gözdən keçirmək lazımdır.

Yeni dövr müharibələrinin tarixi tipləri

Bəşər tarixində yeni dövrü böyük Fransa inqilabı açdı. O vaxtdan Paris Kommunasınadək, 1789-cu ildən 1871-ci ilədək müharibə tiplərindən biri, mütərəqqi burjua, milli azadlıq müharibəsi xarakterində olan müharibələr idi. Başqa sözlə deyilsə, bu müharibələrin başlıca məzmunu və tarixi əhəmiyyəti mütləqiyyəti və feodalizmi yıxmaqdan, onları sarsıtmaqdan, özgə millətin zülmünü yıxmaqdan ibarət idi. Buna görə də onlar mütərəqqi müharibələr idi və bütün namuslu, inqilabçı demokratlar, habelə bütün sosialistlər belə müharibələr zamanı həmişə elə bir ölkənin (yəni elə bir burjuaziyanın) müvəffəqiyyətinə rəğbət bəsləyirdilər ki, o, feodalizmin, mütləqiyyətin və özgə xalqlara edilən zülmün ən təhlükəli dayaqlarını yıxmağa və sarsıtmağa yardım göstərirdi. Məsələn, Fransanın inqilabi müharibələrində fransızlar tərəfindən özgə torpaqlarını qarət və işğal etmək ünsürü var idi, lakin bu, həmin müharibələrin əsas tarixi mənasını qətiyyən dəyişdirmir, çünki bu müharibələr bütün köhnə, təhkimçi Avropanın feodalizmini və mütləqiyyət quruluşunu yıxıb dağıdır və sarsıdırdı. Fransa-Prussiya müharibəsində Almaniya Fransanı qarət etdi, lakin bu, on milyonlarla alman xalqını feodal pərakəndəliyindən və iki müstəbidin [zalım, qaniçən] - rus çarı ilə III Napoleonun zülmündən azad edən həmin müharibənin əsas tarixi mənasını dəyişdirmir.

Hücum müharibəsi ilə müdafiə müharibəsinin fərqi

1789-1871-ci illər dövrü dərin izlər və inqilabi xatirələr qoyub getdi. Feodalizm, mütləqiyyət və özgə millətin zülmü yıxılmayınca, sosializm uğrunda proletar mübarizəsinin inkişafı haqqında heç danışıq da ola bilməzdi. Belə bir dövrün müharibələri ilə əlaqədar olaraq “müdafiə” müharibəsinin qanuni olmasından danışarkən sosialistlər həmişə elə bu məqsədləri, yəni orta əsrlər şəraitinə və təhkimçiliyə qarşı inqilab məqsədini nəzərdə tuturdular. “Müdafiə” müharibəsi dedikdə sosialistlər həmişə, bu mənada “ədalətli” müharibəni (Libknext bir dəfə məhz bu ifadəni işlətmişdi)1 başa düşmüşlər. Sosialistlər “vətənin müdafiəsinin” və ya “müdafiə” müharibəsinin yalnız bu mənada qanuni, mütərəqqi, ədalətli olduğunu qəbul etmişlər və indi də qəbul edirlər.

Məsələn, əgər sabah Mərakeş Fransaya, Hindistan İngiltərəyə, İran və ya Çin Rusiyaya və i.a. müharibə elan edərsə, kimin birinci olaraq hücum etməsindən asılı olmayaraq, bu müharibələr “ədalətli” müharibə, “müdafiə” müharibəsi olardı və zalım, quldar, soyğunçu “böyük” dövlətlərə qarşı məzlum, asılı dövlətlərin, tam hüquqlu olmayan bu dövlətlərin qələbəsinə hər bir sosialist rəğbət bəslərdi.

Lakin təsəvvür edin ki, 100 qulu olan bir quldar 200 qulu olan quldarla, qulları daha “ədalətli surətdə” yenidən bölüşdürmək üstündə müharibə edir. Aydındır ki, “müdafiə” müharibəsi və ya “vətənin müdafiəsi” anlayışının belə hadisəyə tətbiq edilməsi, tarixi saxtalıq olardı və əməli surətdə zirək quldarların sadə camaatı, meşşanları [İctimai görüş dairəsi dar, xırda mülkiyyətçi əhvali-ruhiyyədə olan adam.] və avam adamları sadəcə aldatması olardı. Köləliyi möhkəmləndirmək və qüvvətləndirmək üstündə quldarlar arasında gedən hazırki müharibədə indiki imperialist burjuaziya “milli” ideologiya və vətənin müdafiəsi anlayışı vasitəsilə xalqları məhz belə aldadır.

İndiki müharibə imperialist müharibəsidir

İndiki müharibəni az qala hamı imperialist müharibəsi hesab edir, lakin əksər hallarda bu anlayışı təhrif edir, yaxud onu bir tərəfə tətbiq edirlər, ya da belə bir fikir yeritməyə çalışırlar ki, bu müharibənin hər halda mütərəqqi burjua, milli azadlıq müharibəsi əhəmiyyəti ola bilər. İmperializm kapitalizmin inkişafında yalnız XX əsrdə əldə edilən ən yüksək mərhələdir. Köhnə milli dövlətlər əmələ gəlmədən kapitalizm feodalizmi yıxa bilməzdi; indi bu köhnə milli dövlətlər kapitalizmə daha dar gəlir. Kapitalizm təmərküzləşməni o qədər inkişaf etdirmişdir ki, bütöv sənaye sahələri sindikatların, trestlərin, milyarder kapitalistlərin ittifaqlarının əlinə keçmiş və demək olar, bütün yer kürəsi ya müstəmləkələr şəklində, ya da özgə ölkələri min tellərlə toxunmuş maliyyə istismarı toruna salmaq vasitəsilə həmin “kapital hökmdarları” arasında bölünmüşdür. Azad ticarətin və rəqabətin yerini, inhisarçılıq cəhdləri, kapital qoymaq, xammal ixrac etmək və sairə üçün torpaqlar işğal etmək cəhdləri tutmuşdur. Kapitalizm feodalizmə qarşı mübarizədə millətlərin ən böyük zülmkarı olmuşdur. Kapitalizm tərəqqipərvərlikdən dönüb irticaçı olmuş, məhsuldar qüvvələri o qədər inkişaf etdirmişdir ki, bəşəriyyət ya sosializmə keçməli, ya da müstəmləkələr, inhisarlar, imtiyazlar və hər cür milli zülm vasitəsilə kapitalizmi süni surətdə yaşatmaq üçün “böyük” dövlətlərin apardıqları silahlı mübarizənin illər və hətta on illər boyu əzabını çəkməlidir.

Köləliyi saxlamaq və möhkəmləndirmək üstündə ən böyük quldarlar arasında müharibə

İmperializmin mənasını izah etmək üçün böyük adlanan (yəni böyük soyğunçuluqla müvəffəqiyyət qazanan) dövlətlərin dünyanı bölüşdürməsinə dair dürüst məlumatı götürək:

Buradan görünür ki, 1789-1871-ci illərdə bir çox hallarda digər xalqlara başçılıq edərək azadlıq uğrunda mübarizə aparan xalqlar indi, 1876-cı ildən sonra, yüksək dərəcədə inkişaf etmiş və “həddindən artıq yetişmiş” kapitalizm zəminində necə dönüb bütün yer kürəsi əhalisi və millətlərinin əksəriyyəti üçün zülmkar və əsarətçi olmuşlar. 1876-cı ildən 1914-cü ilədək altı “böyük” dövlət 25 milyon kv. kilometr, yəni bütün Avropanın ərazisindən 2.5 dəfə artıq ərazi qəsb etmişdir! Altı dövlət müstəmləkələrdə yarım milyarddan artıq (523 miıyon) əhalini əsarət altında saxlayır. “Böyük” dövlətlərin əhalisinin hər 4 nəfərinə, “onların” müstəmləkələri əhalisindən 5 nəfər düşür. Hamı bilir ki, müstəmləkələr od və qılınc gücünə işğal olunmuşdur, müstəmləkələrdə əhali ilə vəhşicəsinə rəftar edirlər, bu əhalini min yolla (kapital ixracı, konsessiyalar və i.a., mal satarkən aldatmaq, “hakim” millətin hökümət orqanlarına tabe etdirmək və ilaxır və sairə) istismar edirlər. İngilis-fransız burjuaziyası xalqların və Belçikanın azadlığı

uğrunda müharibə etdiyini deyərkən xalqı aldadır: həqiqətdə isə, hədsiz dərəcədə soyub taladığı müstəmləkələri əlində saxlamaq üçün müharibə edir. Əgər ingilislər və fransızlar öz müstəmləkələrini alman imperialistləri ilə “halalca” bölüşsəydilər, alman imperialistləri Belçikanı və sairəni dərhal azad edərdilər. Vəziyyətin xüsusiyyəti ondan ibarətdir ki, bu müharibədə müstəmləkələrin müqəddəratını kontinentdə [Avropa qitəsi] gedən müharibə həll edir. Burjua ədaləti və milli azadlıq (yaxud millətlərin yaşamaq hüququ) baxımından Almaniya İngiltərəyə və Fransaya qarşı şübhəsiz haqlı olardı, çünki müstəmləkələr məsələsində Almaniya “məğmun” [Aldanmış, zərər çəkmiş, uduzmuş, gözlədiyi şeydən əli çıxmış, məhrum olmuş.] olmuşdur, düşmənləri ona nisbətən daha çox millətə zülm edirlər, onun müttəfiqi Avstriyada isə, məzlum slavyanların malik olduqları azadlıq, əsl “xalqlar həbsxanası” olan çar Rusiyasındakı azadlıqdan şübhəsiz daha genişdir. Lakin Almaniya özü millətlərin azadlığı uğrunda deyil, onlara zülm etmək üçün müharibə edir. Daha gənc və daha güclü quldurun (Almaniyanın) daha qoca və piy basmış qulduru soymasına kömək etmək sosialistlərin işi deyildir. Sosialistlər quldurlar arasında gedən mübarizədən istifadə edib onların hamısını yıxmalıdırlar. Bunun üçün sosialistlər, hər şeydən əvvəl, həqiqəti xalqa deməlidirlər, yəni deməlidirlər ki, bu müharibə üç mənada köləliyi möhkəmləndirmək üstündə quldurların etdiyi müharibədir. Bu müharibə, 1-cisi, müstəmləkələri daha “ədalətli” bölüşdürmək və gələcəkdə daha “əlbir” istismar etmək vasitəsilə müstəmləkələrdə köləliyi möhkəmləndirmək üstündə aparılan müharibədir; 2-cisi, bu müharibə “böyük” dövlətlərin özlərində digər millətlər üzərində zülmü möhkəmləndirmək uğrunda aparılan müharibədir, çünki həm Avstriya, həm də Rusiya (Avstriyaya nisbətən Rusiya daha

artıq dərəcədə və daha pis şəkildə) yalnız belə zülm vasitəsilə və bu zülmü müharibə ilə qüvvətləndirərək davam gətirirlər; 3-cüsü, bu müharibə muzdlu köləliyi möhkəmləndirmək və onun ömrünü uzatmaq uğrunda aparılan müharibədir, çünki proletariat parçalanmış və əzilmişdir, kapitalistlər isə müharibədə və bütün ölkələrdə, hətta ən azad və respublikaçı ölkələrdə belə baş qaldıran irticanı qüvvətləndirərək, müharibədən faydalanırlar.

“MÜHARİBƏ SİYASƏTİN BAŞQA (YƏNİ: ZORAKI) VASİTƏLƏRLƏ DAVAMIDIR”

Bu məşhur sözləri, müharibə məsələlərində ən dərin məlumatı olan müəlliflərdən Klauzevits söyləmişdir2. Marksistlər haqlı olaraq bu müddəanı həmişə hər bir götürülən müharibənin mənasına dair baxışların nəzəri əsası hesab etmişlər. Marks və Engels müxtəlif müharibələrə həmişə məhz bu nöqteyi-nəzərdən baxmışlar.

Bu baxışı indiki müharibəyə tətbiq edin. Onda görərsiniz ki, on illər boyu, demək olar, yarım əsr müddətində İngiltərənin də, Fransanın da, Almaniyanın da, İtaliyanın da, Avstriyanın da, Rusiyanın da hökümətləri və hakim sinifləri müstəmləkələri soymaq, digər millətlərə zülm etmək, işçi hərəkatını yatırtmaq siyasəti yeritmişlər. İndiki müharibədə də elə bu cür siyasət, ancaq bu cür siyasət davam etdirilir. Ayrılıqda götürülsə, istər Avstriyada, istərsə Rusiyada həm sülh, həm də müharibə zamanı yeridilən siyasət millətləri azad etmək siyasəti deyil, əsarət altına almaq siyasətidir. Çində, İranda, Hindistanda və başqa asılı ölkələrdə isə, əksinə, axırıncı on illər ərzində biz on və yüz milyonlarla insanın oyanıb milli həyata cəlb olunması, mürtəce “böyük” dövlətlərin zülmündən azad olması siyasətini görürük. Belə tarixi zəmin üzərində gedən müharibə indi də mütərəqqi burjua müharibəsi, milli azadlıq müharibəsi ola bilər.

Hazırkı müharibədə “vətənin müdafiəsi” ideyasına guya haqq qazandırıla biləcəyi fikrinin tarixə tamamilə zidd, yalan və ikiüzlü bir fikir olduğunu dərhal görmək üçün indiki müharibəyə, “böyük” dövlətlərin və bu dövlətlər daxilindəki əsas siniflərin yeritdikləri siyasətin bu müharibədə davamı baxımından nəzər salmaq kifayətdir.

BELÇİKANIN MİSALI

Üçlər (indi dördlər) sazişi3 ölkələrinin sosial-şovinistləri (Rusiyada Plexanov və ortaqları) Belçikanı misal gətirməyi çox sevirlər. Lakin bu misal onların əleyhinədir. Bir-birilə müharibə edən dövlətlər lazım gəldikdə bütün müqavilə və öhdəlikləri tapdalayırlar, bu dövlətlərin hər yerdə və həmişə etdikləri kimi, alman imperialistləri də Belçikanın bitərəfliyini həyasızcasına pozmuşlar. Tutaq ki, beynəlxalq müqavilələrə riayət edilməsində marağı olan bütün dövlətlər Almaniyaya müharibə elan edərək, ondan Belçikanın azad edilməsini və əvəzinin çıxılmasını tələb etdilər. Bu halda sosialistlər, əlbəttə, Almaniyanın düşmənlərinə rəğbət bəsləyərdilər.

Lakin məsələ də elə ondadır ki, “üçlər (və dördlər) sazişi” Belçikanın üstündə müharibə etmir; bu çox gözəl məlumdur və yalnız ikiüzlülər bunu gizlədirlər. İngiltərə Almaniyanın müstəmləkələrini və Türkiyəni soyub talayır, Rusiya Qalisiyanı və Türkiyəni soyur, Fransa Elzas-Lotaringiyanı və hətta Reynin sol sahilinə qədər olan ərazini ələ keçirmək istəyir; qəniməti (Albaniyanı, Kiçik Asiyanı) bölüşdürmək haqqında İtaliya ilə müqavilə bağlanmışdır;

Bolqarıstan və Rumıniya ilə də qəniməti bölüşdürmək haqqında alver edilir. İndiki hökümətlərin hazırkı müharibəsi zəminində Belçikaya, ancaq Avstriyanı və Türkiyəni boğmaqda və i.a. kömək etmək vasitəsilə yardım göstərilə bilər, başqa cür yardım göstərmək olmaz! Daha “vətənin müdafiəsinin” buraya nə dəxli var?? İmperialist müharibəsinin, tarixən öz dövrünü keçirmiş mürtəce burjua hökümətləri arasında gedən müharibənin, digər millətlərə zülm etmək üçün aparılan müharibənin xüsusiyyəti də elə bundan ibarətdir. Kim bu müharibədə iştirak edilməsinə haqq qazandırırsa, o, millətlərə edilən imperialist zülmünü əbədiləşdirmiş olur. Kim hökümətlərin indiki çətinliklərindən sosial inqilab uğrunda mübarizə üçün istifadə olunmasını təbliğ edirsə, o, həqiqətən bütün millətlərin, yalnız sosializm şəraitində həyata keçirilə bilən həqiqi azadlığını müdafiə etmiş olur.

RUSİYA NƏ ÜSTÜNDƏ MÜHARİBƏ EDİR?

Rusiyada ən yeni tipli kapitalist imperializmi, İrana, Mancuriyaya, Monqolustana qarşı çarizmin siyasətində özünü tamamilə göstərdi; lakin ümumiyyətlə Rusiyada hərbi və feodal imperializmi üstünlük təşkil edir. Dünyanın heç bir yerində ölkənin əhalisinin əksəriyyəti Rusiyada olduğu qədər zülm altında deyildir; velikoruslar [“Böyük” ruslar] əhalinin ancaq 43 %-ni, yəni yarıdan azını təşkil edirlər; bütün yerdə qalanlar isə, özgə xalqlar olduqlarına görə hüquqlarından məhrumdurlar. Rusiyanın 170 milyon əhalisindən 100 milyona qədəri zülm altındadır və hüquqlarından məhrum vəziyyətdədirlər. Çarizm Qalisiyanı işğal etmək və ukraynalıların azadlığını tamamilə boğmaq üçün, Ermənistanı, İstanbulu və i.a. tutmaq üçün müharibə edir.

Çarizm ölkənin daxilində narazılığın artmasından diqqəti yayındırmaq və artmaqda olan inqilabi hərəkatı yatırtmaq vasitəsini müharibədə görür. İndi Rusiyada velikorusların hər iki nəfərinə “özgə xalq”dan olan iki nəfərdən üç nəfərə qədər hüquqsuz adam düşür: Rusiyanın zülm altında saxladığı millətlərin sayını çarizm müharibə vasitəsilə artırmağa, onlara

edilən zülmü möhkəmləndirməyə və bununla da velikorusların özlərinin azadlıq uğrunda mübarizəsini pozmağa çalışır. Başqa xalqları zülm altında saxlamaq və soyub talamaq imkanı iqtisadi durğunluğu möhkəmləndirir, çünki məhsuldar qüvvələrin inkişafı əvəzində, çox vaxt “özgə xalqların” yarımfeodal üsulu ilə istismar edilməsi gəlir mənbəyi olur. Beləliklə, Rusiyanın etdiyi müharibə çox mürtəce və azadlığa zidd bir müharibədir.

SOSİAL-ŞOVİNİZM NƏDİR?

Sosial-şovinizm hazırki müharibədə “vətənin müdafiəsi” ideyasını qorumaqdan ibarətdir. Sonra da bu ideyadan, müharibə zamanı sinfi mübarizədən əl çəkmək, hərbi kreditlərə səs vermək və i.a. nəticəsi çıxır. Sosial-şovinistlər işdə proletariata zidd olan burjua siyasəti yeridirlər, çünki həqiqətdə onlar özgə millətin zülmünə qarşı mübarizə mənasında “vətənin müdafiəsi” ideyasını deyil, bu və ya başqa “böyük” dövlətlərin müstəmləkələri soyub talamaq və başqa xalqlara zülm etmək “hüququnu” qoruyurlar. Sosial-şovinistlər, guya müharibə millətlərin azadlığını və varlığını qorumaq üstündə gedir deyə burjuaziyanın xalqı aldatmaq üçün yaydığı yalanı təkrar edir və bununla da, proletariata qarşı burjuaziyanın tərəfinə keçirlər. Həm bir-birilə müharibə edən dövlət qruplarından birinin hökümətlərinə və burjuaziyasına haqq qazandıran və bəzək-düzək verənlər, həm də müharibə edən bütün dövlətlərdə sosialistlərin “vətəni müdafiə etməyə” eyni dərəcədə haqlı olduqlarını qəbul edən Kautski kimilər sosial-şovinistlərə mənsubdurlar. “Öz” imperialist burjuaziyasının (və ya ümumiyyətlə hər hansı imperialist burjuaziyanın) imtiyazlarını, üstünlüklərini, soyğunçuluq və zorakılıqlarını işdə müdafiə edən sosial-şovinizm bütün sosialist əqidələrinə və Bazeldə keçirilmiş Beynəlxalq sosialist konqresinin qəbul etdiyi qərara tam xəyanətdir.

BAZEL MANİFESTİ

Müharibə haqqında 1912-ci ildə Bazeldə birsəslə qəbul edilən manifest İngiltərə ilə Almaniya və onların indiki müttəfiqləri arasında məhz 1914-cü ildə başlanmış müharibəni nəzərdə tutur.

Manifestdə açıqca deyilir ki, böyük dövlətlərin imperialist, soyğunçu siyasəti zəminində “kapitalistlərin və sülalələrin mənfəəti” üçün edilən belə bir müharibəyə heç bir xalq mənafeyi ilə haqq qazandırıla bilməz. Manifestdə açıqca bildirilir ki, müharibə (istisnasız olaraq bütün) “hökümətlər üçün” təhlükəlidir, hökümətlərin “proletar inqilabından” qorxduqları qeyd edilir, bunu 1871-ci il Kommunası və 1905-ci ilin oktyabr-dekabrı misalı, yəni inqilab və vətəndaş müharibəsi misalı tamamilə müəyyən şəkildə göstərir. Beləliklə, Bazel manifestində məhz bu müharibə üçün işçilərin beynəlmiləl miqyasda öz hökümətlərinə qarşı inqilabi mübarizə taktikası, proletar inqilabı taktikası müəyyən edilir. Bazel manifestində Ştutqart qətnaməsinin bu sözləri təkrar edilir ki, müharibədə başlandıqda sosialistlər müharibənin yaradacağı “iqtisadi və siyasi böhrandan” “kapitalizmin yıxılmasını sürətləndirmək” üçün istifadə etməlidirlər, yəni müharibənin hökümətlər üçün törədəcəyi çətinliklərdən və kütlələrin həyəcanından sosialist inqilabı üçün istifadə etməlidirlər.

Sosial-şovinistlərin siyasəti, onların müharibəyə burjua azadlığı baxımından bəraət qazandırmaları, “vətənin müdafiəsinə” yol vermələri, kreditlərə səs vermələri, nazirlər kabinetlərinə daxil olmaları və i.a. və s. sosializmə açıq xəyanətdir ki, bunun səbəbi, irəlidə görəcəyimiz kimi, Avropa partiyalarından çoxunun daxilində yalnız opportunizmin və milli-liberal işçi siyasətinin qalib gəlməsidir.

MARKSA VƏ ENGELSƏ SAXTA İSTİNADLAR

Rus sosial-şovinistləri (Plexanov başda olmaqla) 1870-ci il müharibəsində Marksın yeritdiyi taktikaya, alman sosial- şovinistləri (Lenç, David və digərləri tipli sosial-şovinistlər) Rusiya və Fransa ilə birlikdə müharibə baş verəcəyi halda vətəni müdafiə etməyin alman sosialistləri üçün məcburi olduğu haqqında Engelsin 1891-ci ildəki bəyanatına istinad edirlər; - nəhayət, beynəlmiləl şovinizmi barışdırmaq və qanuniləşdirmək istəyən Kautski tipli sosial-şovinistlər Marks və Engelsin, müharibələri pisləməklə bərabər həmişə, 1854-1855-ci illərədək, müharibə hər halda baş verdikdə, müharibə edən bu və ya digər dövlətin tərəfini saxladıqlarına istinad edirlər.

Anarxist Gilyom və ortaqlarının yazılarında anarxizmə haqq qazandırmaq üçün Marks və Engelsin baxışları təhrif edildiyi kimi, bütün bu istinadlar da burjuaziyanın və opportunistlərin xeyrinə olaraq Marks və Engelsin baxışlarının biabırcasına təhrif edilməsindən ibarətdir. Nə qədər ki, III Napoleon məğlub edilməmişdi, 1870-1871-ci il müharibəsi, Almaniya tərəfindən

edilən tarixən mütərəqqi müharibə idi, çünki III Napoleon çarla birlikdə uzun illər Almaniyada feodal pərakəndəliyini müdafiə edərək Almaniyanı əsarət altında saxlayırdı. Lakin müharibə Fransanı soyub talan etmək (Elzas və Lotaringiyanın ilhaqı) şəklini alan kimi, Marks və Engels dərhal almanları qəti surətdə pislədilər. Hələ bu müharibənin əvvəlində də Marks və Engels Bebellə Libknextin kreditlərə səs verməkdən boyun qaçırmalarını bəyənir və s.-d.-lərə məsləhət görürdülər ki, burjuaziya ilə birləşmək deyil, proletariatın müstəqil sinfi mənafeyini müdafiə etsinlər. Mütərəqqi burjua və milli azadlıq müharibəsi olan bu müharibəyə verilən qiyməti, hazırkı imperialist müharibəsinə tətbiq etmək, həqiqətə istehzadır. Eyni sözlər 1854-1855-ci illər müharibəsinə və XIX əsrin bütün müharibələrinə daha artıq dərəcədə aiddir, çünki bu müharibələr zamanı nə hazırkı imperializm vardı, nə sosializmin yetişmiş obyektiv şəraiti, nə də müharibə edən bütün ölkələrdə kütləvi sosialist partiyaları; yəni, Bazel manifestinin, böyük dövlətlər arasındakı müharibə ilə əlaqədar olaraq “proletar inqilabı” taktikası üçün məhz əsas saydığı şərait yox idi.

Kim indi Marksın mütərəqqi burjuaziya dövründəki müharibələrə olan münasibətinə istinad edirsə və Marksın, məhz mürtəce və ömrünü başa vurmuş burjuaziya dövrünə, sosialist inqilabı dövrünə aid olan: “işçilərin vətəni yoxdur” sözlərini unudursa, o, Marksı həyasızcasına təhrif edir və sosialist nöqteyi-nəzərini burjua nöqteyi-nəzəri ilə əvəz edir.

II İNTERNASİONALIN İFLASI

Bütün dünyanın sosialistləri 1912-ci ildə Bazeldə təntənəli surətdə bildirdilər ki, yaxınlaşan Avropa müharibəsini bütün hökümətlərin “cinayətkar” və ən irticaçı bir əməli hesab edirlər və bu fikirdədirlər ki, onların bu əməli kapitalizmə qarşı hökmən inqilab doğuraraq kapitalizmin məhv olmasını sürətləndirməlidir. Müharibə başlandı, böhran başlandı. S.-d. partiyalarının çoxu inqilabi taktika əvəzində mürtəce taktika yeridərək öz hökümətlərinin və öz burjuaziyasının tərəfinə keçdi. Sosializmə bu xəyanət, II (1889-1914) İnternasionalın iflasıdır və biz bu iflasın nədən irəli gəldiyini, sosial-şovinizmin nədən doğulduğunu və ona nəyin qüvvət verdiyini bilməliyik.

SOSİAL-ŞOVİNİZM BİTKİN OPPORTUNİZMDİR

Bütün II İnternasionalın dövrü ərzində hər yerdə s.-d. partiyaları daxilində inqilabi qanadla opportunist qanad arasında mübarizə gedirdi. Bir sıra ölkələrdə (İngiltərə, İtaliya, Hollandiya, Bolqarıstan) bu xətlə parçalanma baş vermişdir. Heç bir marksist şübhə etmirdi ki, opportunizm işçi hərəkatında burjua siyasətini ifadə edir: xırda burjuaziyanın mənafeyini və burjualaşmış işçilərin çox cüzi bir hissəsinin mənafeyini, proletar kütləsinin, məzlumlar kütləsinin mənafeyinə qarşı onun “öz” burjuaziyası ilə ittifaqının mənafeyini ifadə edir.

XIX əsrin axırlarının obyektiv şəraiti burjua leqallığından istifadə edilməsini burjuaziya qarşısında nökərçiliyə döndərərək, işçi sinfi içərisində cüzi bürokratiya və aristokratiya təbəqəsi yaradaraq, s.-d. partiyası sıralarına bir çox xırda burjua “cığırdaşlarını [Müvəqqəti olaraq, ya da zahirən hər hansı ictimai-siyasi hərəkata qoşulan, onunla ayaq-ayaq gedən adam.]” cəlb edərək opportunizmi xüsusilə qüvvətləndirirdi.

Müharibə inkişafı sürətləndirərək opportunizmi sosial-şovinizmə çevirdi, opportunistlərin burjuaziya ilə gizli ittifaqını açıq ittifaqa çevirdi. Həm də hərbi orqanlar hər yerdə hərbi vəziyyət elan etdilər və köhnə başçıları az qala hamılıqla burjuaziya tərəfinə keçən işçi kütləsinə buruntaq [Heyvanların ağzına bağlanan ip] taxdılar.

Opportunizmin və sosial-şovinizmin iqtisadi əsası bir-birinin eynisidir: bu, öz imtiyazlı mövqeyini, “öz” milli burjuaziyasının özgə millətləri soyub talan etmək yolu ilə əldə etdiyi mənfəətdən, həmin burjuaziyanın böyük dövlət mövqeyinin faydalarından və sairədən qırıntılar almaq “hüququnu” müdafiə edən imtiyazlı işçilərin cüzi təbəqəsinin və xırda burjuaziyanın mənafeyidir.

Opportunizmin və sosial-şovinizmin ideya-siyasi məzmunu bir-birinin eynisidir: bu, siniflər mübarizəsi əvəzində siniflər əməkdaşlığından, mübarizənin inqilabi vasitələrindən əl çəkməkdən, “öz” hökümətinin çətinliklərindən inqilab üçün istifadə etmək əvəzində çətin vəziyyətdə ona kömək etməkdən ibarətdir. Əgər bütün Avropa ölkələri bütövlükdə götürülərsə, əgər ayrı-ayrı şəxslərə (onlar nə qədər nüfuzlu olsalar da) diqqət verilməzsə, məlum olar ki, sosial-şovinizmin başlıca dayağı məhz opportunist cərəyanı olmuşdur, inqilabçılar cəbhəsindən isə, demək olar, hər yerdə sosial-şovinizmə qarşı az-çox ardıcıl protest səsləri eşidilir. Həm də, misal üçün, 1907-ci ildəki Ştutqart beynəlxalq sosialist konqresində olan cərəyanlar qruplaşması götürülərsə, onda məlum olar ki, beynəlxalq marksizm imperializmin əleyhinə idi, beynəlxalq opportunizm isə hələ o zaman imperializmə tərəfdar idi.

OPPORTUNİSTLƏRLƏ BİRLİK OLMAQ İŞÇİLƏRİN “ÖZ” MİLLİ BURJUAZİYASI İLƏ İTTİFAQIDIR VƏ BEYNƏLMİLƏL İNQİLABÇI İŞÇİ SİNFİNİN PARÇALANMASIDIR

Keçən dövrdə, müharibədən əvvəl çox vaxt opportunizm “kənara çıxma”, “ifratçılıq” hesab olunsa da, hər halda s.-d. partiyasının qanuni tərkib hissəsi sayılırdı. Müharibə gələcəkdə bunun daha mümkün olmayacağını göstərdi. Opportunizm “dəyib yetişdi”, işçi hərəkatında burjuaziyanın agenti olmaq etibarilə öz rolunu axıra çatdırdı. Opportunistlərlə birlik tam bir ikiüzlülük şəkli aldı ki, bunun da nümunəsini biz alman s.-d. partiyasında görürük.

Opportunistlər bütün mühüm hallarda (məsələn, avqustun 4-dəki səsvermə zamanı) öz ultimatumu ilə ortaya çıxaraq, onu burjuaziya ilə olan çoxsaylı əlaqələri, həmkərlar ittifaqlarının idarə heyətlərində çoxluğa malik olmaları və i.a. vasitəsilə həyata keçirirlər. İndi opportunistlərlə birlik həqiqətdə işçi sinfinin “öz” milli burjuaziyasına tabe olması deməkdir, özgə millətlərə zülm etmək üçün və böyük dövlət imtiyazları uğrunda mübarizə üçün həmin burjuaziya ilə ittifaq bağlamaq deməkdir, bütün ölkələrin inqilabçı proletariatının parçalanması deməkdir.

Bir çox təşkilatlarda hökmranlıq edən opportunistlərə qarşı mübarizə ayrı-ayrı hallarda nə qədər açıq olsa da, işçi partiyalarını opportunistlərdən təmizləmək prosesi ayrı-ayrı ölkələrdə nə qədər spesifik olsa da, bu proses labüd və xeyirlidir. Reformist sosializmi can verir; yenidən canlanan sosializm, fransız sosialisti Pavel Qoleyin lap yerində dediyi kimi, “inqilabi, barışmaz, üsyankar” sosializm olacaqdır4.

“KAUTSKİÇİLİK”

II İnternasionalın ən nüfuzlu siması olan Kautski, marksizmi sözdə qəbul etməyən işdə onu necə “struveçilik” və ya “brentanoçuluq”5 dərəcəsinə çatdırmağın son dərəcə tipik və parlaq bir nümunəsidir. Biz bunu Plexanovun timsalında da görürük. Marksizmin canlı inqilabi ruhunu açıq-aydın sofizmlər vasitəsilə çıxarıb atırlar, marksizmdə inqilabi mübarizə vasitələrindən, onların təbliğ edilməsi və hazırlanmasından, kütlələrin məhz bu ruhda tərbiyə edilməsindən başqa nə varsa, hamısını qəbul edirlər. Kautski sosial-şovinizmin əsas fikrini, bu müharibədə vətənin müdafiəsinin qəbul olunması fikrini, kreditlərə səs vermə zamanı bitərəf qalmaq, sözdə özünü müxalifətçi saymaq və i.a. şəklində sollara edilən diplomatik, zahiri güzəştlərlə ideyasızcasına “barışdırır”. İnqilablar dövrünün yaxınlaşdığı və müharibənin inqilabla əlaqəsi haqqında 1909-cu ildə bütöv bir kitab yazan Kautski, qarşıdakı müharibədən inqilabi məqsədlə istifadə etməyə dair Bazel manifestini 1912-ci ildə imzalayan Kautski indi hər vasitə ilə sosial-şovinizmə baraət qazandırır, ona bəzək-düzək verir və inqilab haqqında hər bir fikri, bilavasitə inqilabi mübarizə yolunda atılan hər bir addımı lağa qoymaq üçün Plexanov kimi hərəkət edib burjuaziyaya qoşulur.

İşçi sinfi bu xainliyə, iradəsizliyə, opportunizm qarşısında nökərçiliyə və marksizmin nəzəri cəhətdən misilsiz dərəcədə bayağılaşdırılmasına qarşı amansız mübarizə aparmadan dünya miqyasında özünün inqilabi rolunu yerinə yetirə bilməz. Kautskiçilik təsadüfi bir şey deyildir, II İnternasional ziddiyətlərinin, sözdə marksizmə sədaqəti işdə opportunizmə tabeçiliklə birləşdirməyin sosial məhsuludur.

“Kautskiçiliyin” bu əsas saxtakarlığı müxtəlif ölkələrdə müxtəlif şəkillərdə təzahür edir. Hollandiyada Roland-Holst vətənin müdafiəsi ideyasını rədd etməklə bərabər opportunistlər partiyası ilə birliyi müdafiə edir. Rusiyada Trotski də bu ideyanı rədd etməklə bərabər, “Naşa Zarya”nın opportunist və şovinist qrupu ilə birliyi eynilə müdafiə edir. Rumıniyada Rakovski opportunizmə, İnternasionalın iflasında müqəssir olduğuna görə müharibə elan etməklə bərabər, vətənin müdafiəsi ideyasının qanuni olduğunu qəbul etməyə hazırdır. Bunların hamısı - Hollandiya marksistlərinin (Qorter, Pannekuk) “passiv radikalizm” adlandırdıqları və nəzəriyyədə inqilabi marksizmi eklektizmlə əvəz etməkdən, təcrübədə isə opportunizm qarşısında nökərçilikdən və ya acizlikdən ibarət olan bəlanın təzahürləridir.

MARKSİSTLƏRİN ŞÜARI İNQİLABİ SOSİAL-DEMOKRATİYANIN ŞÜARIDIR

Müharibə, şübhəsiz, ən kəskin böhran doğurmuş və kütlələrin fəlakətini ağlagəlməz dərəcədə kəskinləşdirmişdir. Bu müharibənin mürtəce xarakteri, bütün ölkələrin öz soyğunçu məqsədlərini “milli” ideologiya ilə pərdələyən burjuaziyasının həyasız yalanı, bütün bunlar, obyektiv, inqilabi şərait zəminində labüddən kütlələrdə inqilabi əhvali-ruhiyyə oyadır. Bu əhvali-ruhiyyənin dərk edilməsinə kömək etmək, onu dərinləşdirmək və formalaşdırmaq bizim borcumuzdur. Bu vəzifəni imperialist müharibəsini vətəndaş müharibəsinə çevirmək şüarı, yalnız bu şüar düzgün ifadə edir və müharibə zamanı hər cür ardıcıl sinfi mübarizə, ciddi surətdə yeridilən hər cür “kütləvi hərəkətlər” taktikası hökmən buna doğru aparır. Böyük dövlətlərin 1-ci, yoxsa 2-ci imperialist müharibəsi ilə əlaqədar olaraq, həmin müharibə zamanı, yoxsa ondan sonra güclü bir inqilab hərəkatının qızışacağını bilmək olmaz, lakin hər halda bizim şəksiz borcumuz məhz bu istiqamətdə müntəzəm surətdə və dönmədən çalışmaqdır.

Bazel manifesti Paris Kommunası nümunəsinə, yəni hökümətlər arasında müharibəni vətəndaş müharibəsinə çevirmək nümunəsinə açıq-aydın istinad edir. Yarım əsr bundan əvvəl proletariat çox zəif idi, sosializm üçün obyektiv şərait hələ yetişməmişdi, bir-biri ilə müharibə edən bütün ölkələrdə inqilabi hərəkatların bir-birinə uyğunluğu və yardımı ola bilməzdi, Paris işçilərinin bir qisminin “milli ideologiyaya” (1792-ci il ənənəsinə) uyması onların xırda burjua zəifliyi idi və Marksın vaxtında qeyd etdiyi bu zəiflik Kommunanın iflasa uğraması səbəblərindən biri oldu. O zamankı inqilabı zəiflədən şərait yarım əsr keçəndən sonra aradan qalxmışdır, buna görə də indi məhz Paris kommunaları ruhunda fəaliyyətdən boyun qaçırılmasına dözməyi sosialistə bağışlamaq olmaz.

SƏNGƏRLƏRDƏ QARDAŞLAŞMA MİSALI

Müharibə edən bütün ölkələrin burjua qəzetləri müharibə edən millətlərə mənsub əsgərlərin hətta səngərlərdə qardaşlaşmasına dair misallar gətirirdilər. Belə qardaşlaşma əleyhinə hərbi orqanların (Almaniya və İngiltərədə) çox şiddətli fərmanlar verməsi isə, hökümətlərin və burjuaziyanın buna ciddi diqqət yetirdiklərini sübut etdi. Əgər Qərbi Avropanın s.-d. partiyalarının yuxarı təbəqələrində opportunizmin tam hökmranlığı və bütün s.-d. mətbuatı ilə II İnternasionalın bütün nüfuzlu simalarının sosial-şovinizmə yardım göstərməsi şəraitində qardaşlaşma halları baş verə bilmişsə, bu bizə göstərir ki, müharibə edən bütün ölkələrin heç olmazsa ancaq sol sosialistləri bu istiqamətdə müntəzəm çalışsaydılar, hazırkı cinayətkar və mürtəce müharibə, quldarlıq müharibəsi nə qədər qısaldıla bilərdi və inqilabi beynəlmiləl hərəkat təşkil edilə bilərdi.

QEYRİ-LEQAL TƏŞKİLATIN ƏHƏMİYYƏTİ

Bütün dünyanın ən görkəmli anarxistləri bu müharibədə sosial-şovinizmə (Plexanov və Kautski ruhunda sosial-şovinizmə) uymaqla özlərini opportunistlərdən az rüsvay etməmişlər Müharibənin faydalı nəticələrindən biri şübhəsiz ondan ibarət olacaqdır ki, bu müharibə opportunizmi də, anarxizmi də məhv edəcəkdir.

S.-d. partiyaları kütlələrin təşkili və sosializmin təbliği üçün ən kiçik leqal imkandan istifadə etməkdən heç bir vəchlə və heç bir şəraitdə boyun qaçırmamaqla bərabər, leqallıq qarşısında sitayişdən uzaqlaşmalıdırlar. Engels məhz vətəndaş müharibəsinə və burjuaziya leqallığı pozandan sonra, onu bizim də pozmağımızın zəruri olduğuna işarə edərək demişdir: Birinci olaraq siz atəş açın, cənab burjualar”. Böhran göstərdi ki, burjuaziya bütün ölkələrdə, hətta ən azad ölkələrdə də leqallığı pozur; böhran göstərdi ki, inqilabi mübarizə vasitələrinin təbliği, müzakirəsi, qiymətləndirilməsi və hazırlanması üçün qeyri-leqal təşkilat yaratmadan kütlələri inqilaba doğru aparmaq olmaz. Məsələn, Almaniyada sosialistlərin gördüyü namuslu nə qədər iş varsa, hamısı iyrənc opportunizmə və ikiüzlü “kautskiçiliyə” qarşı və məhz qeyri-leqal surətdə görülür. İngiltərədə orduya getməməyə çağıran çap edilmiş yazılar üstündə adamları katorqaya [Son dərəcə sərt bir şəraitdə ağır icbari iş, sürgün və həbs şəklində verilən cəza, habelə sürgün edilmiş cinayətkarlar üçün icbari iş yeri.] göndərirlər.

Qeyri-leqal təbliğat üsullarının inkar edilməsi və bu üsulların açıq mətbuatda lağa qoyulması ilə s.-d. partiyasına mənsub olmağın bir yerə sığa biləcəyini zənn etmək sosializmə xəyanətdir.

İMPERİALİST MÜHARİBƏSİNDƏ “ÖZ” HÖKÜMƏTİNİN MƏĞLUBİYYƏTİ HAQQINDA

Hazırkı müharibədə öz hökümətinin qalib gəlməsini müdafiə edənlər, habelə “nə qələbə, nə məğlubiyyət” şüarını müdafiə edənlər, eyni dərəcədə sosial-şovinizm nöqteyi-nəzərində dururlar. İnqilabçı sinif mürtəce müharibədə öz hökümətinin məğlubiyyətini arzu etməyə bilməz, onun hərbi müvəffəqiyyətsizlikləri ilə onu yıxmağın asanlaşması arasında əlaqə olduğunu görməyə bilməz. Yalnız hökümətlərin başladığı müharibənin mütləq hökümətlər arasında müharibə kimi qurtaracağına inanan və bunu arzulayan burjua, müharibə edən bütün ölkələrin sosialistlərinin çıxıb bütün “öz” hökümətlərinin məğlubiyyətini arzu etmələri ideyasını “gülünc” və ya “mənasız” bir şey sayır. Əksinə, məhz belə bir çıxış hər bir şüurlu işçinin ürəkdən gələn fikirlərinə uyğun olardı və imperialist müharibəni vətəndaş müharibəsinə çevirmək yolunda bizim fəaliyyətimizə uyğun gələrdi.

İngilis, alman, rus sosialistlərinin bir qisminin müharibə əleyhinə apardığı ciddi təşviqat, şübhəsiz, müvafiq hökümətlərin “hərbi qüdrətini zəiflədirdi”, lakin belə bir təşviqat sosialistlərin xidməti idi. Sosialistlər kütlələrə başa salmalıdırlar ki, onlar üçün “öz” hökümətlərini inqilabi yolla yıxmaqdan başqa xilas yolu yoxdur və indiki müharibədə bu hökümətlərin çətinliklərindən məhz bu məqsəd üçün istifadə etmək lazımdır.

PASİFİZM VƏ SÜLH ŞÜARI HAQQINDA

Kütlələrin sülh lehinə əhvali-ruhiyyəsi çox vaxt protest və hiddətin başlandığını, müharibənin mürtəceliyini başa düşməyin başlandığını ifadə edir. Bu əhvali-ruhiyyədən istifadə etmək - bütün s.-d.-lərin borcudur. Onlar bu zəmin üzərində hər cür hərəkatda və hər cür nümayişdə ən qızğın surətdə iştirak edəcəklər, lakin onlar, inqilabi hərəkat olmadığı bir şəraitdə ilhaqlar olmadan, millətlərə zülm edilmədən, soyğunçuluq olmadan, indiki hökümətlər və hakim siniflər arasında yeni müharibələrin rüşeymləri olmadan sülhün mümkün olacağı fikrinə yol verməklə xalqı aldatmayacaqlar. Xalqın belə aldadılması yalnız müharibə edən hökümətlərin gizli diplomatiyası və onların əks-inqilabi planları üçün faydalı olardı. Kim möhkəm və demokratik sülh istəyirsə, o, hökümətlərə və burjuaziyaya qarşı vətəndaş müharibəsinə tərəfdar olmalıdır.

MİLLƏTLƏRİN ÖZ MÜQƏDDƏRATINI TƏYİN ETMƏK HÜQUQU HAQQINDA

Hazırkı müharibədə burjuaziyanın xalqı aldatmasının ən çox yayılmış növü, müharibənin soyğunçuluq məqsədlərini “milli azadlıq” ideologiyası ilə pərdələməkdən ibarətdir. İngilislər Belçikaya, almanlar Polşaya və i.a. azadlıq vəd edirlər. Həqiqətdə isə bu müharibə, gördüyümüz kimi, dünya millətlərinin çoxuna zülm edənlərin bu zülmü möhkəmləndirmək və genişləndirmək uğrunda etdiyi müharibədir.

Millətlərə edilən hər cür zülmə qarşı mübarizə aparmadan sosialistlər öz böyük məqsədlərinə çata bilməzlər. Buna görə də onlar hökmən tələb etməlidirlər ki, zülm edən ölkələrin (xüsusən “böyük” deyilən dövlətlərin) s.-d. partiyaları məzlum millətlərin öz müqəddaratını təyin etmək hüququnu, məhz sözün siyasi mənasında, yəni siyasi cəhətdən ayrılmaq hüququnu qəbul və müdafiə etsinlər. Böyük dövlətin və ya müstəmləkələri olan millətin bu hüququ müdafiə etməyən sosialisti şovinistdir.

Bu hüququn müdafiə edilməsi nəinki xırda dövlətlər yaratmağa sövq etmir, əksinə, daha azad, daha qorxusuz və buna görə də daha geniş surətdə və hər yerdə kütlələr üçün daha əlverişli və iqtisadi inkişafa daha uyğun olan çox böyük dövlətlər yaratmağa, dövlətlər arasında ittifaqlar yaratmağa doğru gedir.

II FƏSİL

RUSİYADA SİNİFLƏR VƏ PARTİYALAR

BURJUAZİYA VƏ MÜHARİBƏ

Rus hökuməti bir cəhətdən öz Avropalı qardaşlarından geri qalmamışdır: onlar kimi rus hökuməti də “öz” xalqını çox geniş miqyasda aldada bilmişdir. Şovinizmi kütlələrə yoluxdurmaq üçün, çar hökumətinin guya “ədalətli” müharibə etdiyi, “slavyan qardaşları” heç bir mənfəət güdmədən müdafiə etdiyi və s. fikrini oyatmaq üçün Rusiyada da ağlagəlməz dərəcədə böyük yalan və riyakarlıq aparatı işə salınmışdır.

Mülkədarlar sinfi və ticarət-sənaye burjuaziyasının yuxarı təbəqəsi çar hökumətinin davakarlıq siyasətinə qızğın tərəfdar çıxdılar. Onlar, Türkiyə və Avstriya irsinin bölüşdürülməsindən özləri üçün haqlı olaraq böyük maddi fayda və imtiyazlar gözləyirlər. Onların tam bir sıra qurultayları çar ordusu qalib gəldikdə ciblərinə axıb dolacaq mənfəətlərdən qabaqcadan ləzzət aldıqlarını göstərir. Bundan əlavə, irticaçılar çox yaxşı başa düşürlər ki, Romanovlar monarxiyasının yıxılmasını təxirə salıb Rusiyada yeni inqilabı ləngidə biləcək bir şey varsa, o da ancaq başqa ölkələrə qarşı çarın qalibiyyətli müharibəsidir.

Şəhər “orta” burjuaziyasının, burjua ziyalılarının, azad peşə sahiblərinin və i. a. geniş təbəqələri də - heç olmazsa müharibənin əvvəlində-şovinizm azarına tutulmuşdu. Rusiya liberal burjuaziyasının partiyası – kadetlər – çar hökumətini bütünlüklə və danışıqsız müdafiə edirdi. Xarici siyasət sahəsində kadetlər artıq çoxdan hökumət partiyasıdır. Çar diplomatiyasının öz böyük siyasi fırıldaqlarını işlətməsi üçün dəfələrlə bir vasitə olan panslavizm, kadetlərin rəsmi ideologiyası olmuşdur. Rus liberalizmi pozulub milli-liberalizmə çevrilmişdir. O, “vətənpərvərlikdə” qaraguruhçuluqla yarışır və həmişə militarizmə, marinizmə və sairəyə həvəslə səs verir. Rus liberalizmi cəbhəsində təxminən 70-ci illərdə Almaniyada baş verən hallar, müşahidə olunur, o zaman Almaniyada “azad fikirli” liberalizm pozulub milli-liberal partiyasını meydana gətirmişdi. Rus liberal burjuaziyası qəti surətdə əks-inqilab yoluna keçmişdir. Bu məsələdə RSDFP-nin nöqteyi-nəzəri tamamilə təsdiq olunmuşdur. Həyat bizim opportunistlərin belə bir baxışını puça çıxartmışdır ki, guya rus liberalizmi Rusiyada hələ də inqilabın hərəkǝtverici qüvvəsidir.

Hakim dairələr burjua mətbuatının, ruhanilərin və i. a. köməyi ilə kəndlilər içərisində də şovinist əhvali-ruhiyyəsi oyada bilmişlər. Lakin əsgərlər döyüş meydanından qayıtdıqca kənddə əhvali-ruhiyyə, şübhəsiz, çar monarxiyasının xeyrinə olmayaraq dəyişəcəkdir. Kəndlilərlə əlaqəsi olan burjua-demokrat partiyaları şovinizm dalğası qarşısında davam gətirə bilmədi. Trudoviklər partiyası dövlət dumasında hərbi kreditlərə səs verməkdən boyun qaçırtdı. Lakin bu partiya öz rəhbəri Kerenskinin dili ilə, monarxiya üçün son dərəcə faydalı olan bir “vətənpərvərlik” bəyanatı verdi. “Xalqçıların” bütün leqal mətbuatı ümumiyyətlə liberalların arxasınca getdi. Burjua demokratiyasının sol qanadı - beynəlxalq sosialist bürosuna qoşulan sosialist-inqilabçılar partiyası deyilən partiya da eyni axınla getdi. Beynəlxalq sosialist bürosunda bu partiyanın nümayəndəsi c. Rubanoviç açıqca sosial-şovinist kimi hərəkət edir. “Saziş ölkələri” sosialistlərinin London konfransında bu partiyanın nümayəndələrinin yarısı şovinist qətnaməsinə səs verdi (o biri yarısı səs verməkdən çəkindi). Sosialist inqilabçıların qeyri-leqal mətbuatında (“Novosti” qəzeti6 və başqaları) şovinistlər üstünlük təşkil edirlər. “Burjua mühitindən olan” inqilabçılar, yəni işçi sinfi ilə əlaqəsi olmayan burjua inqilabçıları bu müharibədə böyük iflasa uğradılar. Kropotkinin, Burtsevin və Rubanoviçin acı taleyi son dərəcə əlamətdardır.

İŞÇİ SİNFİ VƏ MÜHARİBƏ

Rusiyada şovinizm azarı yoluxdurula bilməyən yeganə sinif proletariatdır. Müharibənin əvvəlində ayrı-ayrı ifrat hərəkətlərdə işçilərin ancaq ən geri qalmış təbəqələri iştirak etmişdilər. Almanlara qarşı Moskvada törədilən biabırçılıqlarda işçilərin iştirakı son dərəcə şişirdilmişdir. Ümumiyyətlə götürüldükdə Rusiyanın işçi sinfinə şovinizm sirayət edə bilməmişdir.

Bunun səbəbi ölkədəki inqilabi vəziyyət və Rusiya proletariatının ümumi həyat şəraitidir. 1912-1914-cü illər, Rusiyada yeni əzəmətli inqilabi yüksəlişin başlanğıcı oldu. Biz yenə də dünyada misli görünməmiş çox böyük tətil hərəkatının şahidi olduq. 1913-cü ildə kütləvi inqilabi tətil, ən minimum hesaba görə 1/2 milyon, 1914-cü ildə isə 2 milyondan çox iştirakçı cəlb edərək 1905-ci il səviyyəsinə yaxinlaşırdı. Müharibə ərəfəsində Peterburqda iş gəlib ilk barrikada vuruşmaları dərəcəsinə çatmışdı.

Rusiyanın qeyri-leqal sosial-demokrat işçi partiyası internasional qarşısında öz borcunu yerinə yetirdi. Bu partiyanın beynəlmiləlçilik bayrağını tutan əli titrəmədi.

Partiyamız opportunist qruplar və ünsürlərlə təşkilat cəhətdən əlaqəsini çoxdan kəsmişdir. Opportunizm və “necə olursa - olsun leqalçılıq” daşı partiyamızın ayağından asılıb qalmadı. Bissolatinin opportunist partiyasından ayrılmaq italyan yoldaşlara kömək etdiyi kimi, bu vəziyyət də partiyamızın öz inqilabi borcunu yerinə yetirməsinə kömək etdi.

Ölkəmizdə ümumi vəziyyət işçi kütlələri içərisində “sosialist” opportunizminin yayılmasına yol vermir. Biz Rusiyada ziyalılar, xirda burjuaziya və s. içərisində opportunizm və reformizmin tam bir sıra çalarlarını görürük. Lakin opportunizm işçilərin siyasi cəhətdən fəal təbəqələri arasında çox cüzi bir azlıq təşkil edir. İmtiyazlı işçi və qulluqçular təbəqəsi bizdə çox zəifdir. Bizdə leqallıq fetişizmi əmələ gələ bilməzdi. Təsviyəçilərin (Akselrod, Potresov, Çerevanin, Maslov və başqaları tərəfindən rəhbərlik edilən opportunistlər partiyasının) müharibədən əvvəl işçi kütlələri içərisində heç bir ciddi dayağı yox idi. IV Dövlət Dumasına seçkilərdə işçilərdən seçilən 6 deputatın hamısı təsviyəçiliyin düşməni idi. Petroqrad və Moskvada leqal işçi mətbuatının tirajı və bu mətbuata pul toplanışı təkzib edilməz surətdə göstərdi ki, şuurlu işçilərin 4/5 hissəsi opportunizm və təsviyəçiliyin əleyhinədir.

Müharibə başlandıqda çar hökuməti bizim qeyri-leqal RSDFP üzvlərindən min və minlərlə qabaqcıl işçini həbsə atıb sürgün etdi. Bu hal və onunla yanaşı ölkədə hərbi vəziyyətin tətbiqi, qəzetlərimizin bağlanılması və i. a. hərəkatı ləngitdi. Lakin partiyamızın qeyri-leqal inqilabi fəaliyyəti yenə də davam edir. Petroqradda partiyamızın komitəsi “Proletarski Qolos”7 adlı qeyri-leqal qəzet buraxır.

Xaricdə nəşr olunan Mərkəzi Orqan “Sosial-Demokrat”dan məqalələr götürülüb Petroqradda yenidən çap edilir və yerlərə göndərilir. Qeyri-leqal intibahnamələr çıxır və hətta kazarmalarda da yayılır. Şəhərdən kənarda, müxtalif xəlvət yerlərdə işçilərin qeyri-leqal yığıncaqları olur. Son zamanlar Petroqradda metalçı işçilərin böyük tətilləri başlanmışdır. Bu tətillərlə əlaqədar olaraq bizim Petroqrad komitəsi işçilərə bir neçə müraciət buraxmışdır.

DÖVLƏT DUMASINDA RUSİYA SOSİAL-DEMOKRAT İŞÇİ FRAKSİYASİ VƏ MÜHARİBƏ

1913-cü ildə Dövlət dumasının s.-d. deputatları içərisində təfriqə baş verdi. Bir tərəfdə Çxeidzenin rəhbərliyi altında 7 nəfər opportunizm tərəfdarı dururdu. Onlar, 214 min işçisi olan 7 qeyri-proletar quberniyalarından seçilmişdilər. O biri tərəfdə - Rusiyanin 1 milyon 8 min işçisi olan ən böyük sənaye mərkəzlərindən seçilmiş 6 deputat dururdu, bunların da hamısı işçi zümrəsindən idi.

Fikir ayrılığının başlıca səbəbi bu idi: inqilabi marksizm taktikası, yoxsa opportunist reformizm taktikası yeridilməlidir. Əməli surətdə fikir ayrılığı özünü ən çox kütlələr içərisində parlamentdən kənar fəaliyyət sahəsində göstərirdi. Rusiyada bu işi görənlər inqilabi zəmin üzərində qalmaq istəyirdilərsə, bu iş qeyri-leqal görülməli idi. Çxeidzenin fraksiyası qeyri-leqal fəaliyyəti rədd edən təsviyəçilərin ən sədaqətli müttəfiqi olaraq qalırdı və işçilərlə apardığı bütün söhbətlərdə, bütün yığıncaqlarda təsviyəçiləri müdafiə edirdi. Buradan da təfriqə meydana gəldi, 6 deputat RSDF fraksiyasını təşkil etdi. Bir illik fəaliyyət təkzib edilməz surətdə göstərdi ki, rus işçilərinin böyük çoxluğu məhz bu fraksiyaya tərəfdardır.

Fikir ayrılığı müharibənin əvvəllərində özünü son dərəcə aydın göstərdi. Çxeidzenin fraksiyası parlament zəmini ilə kifayətlənirdi. O, kreditlərə səs vermədi, çünki səs versə idi, özünə qarşı işçilərin coşğun hiddətinə səbəb olardı. (Biz gördük ki, Rusiyada hətta xırda burjua trudoviklər də kreditlərə səs verməmişdilər.) Lakin həmin fraksiya sosial-şovinizmə qarşı heç protest də etmədi.

Partiyamızın siyasi xəttini ifadə edən RSDF fraksiyası başqa cür hərəkət etdi. Bu fraksiya müharibəyə qarşı protestini işçi sinfinin ən dərin qatlarına çatdırdı, imperializmə qarşı təbliğatı rus proletarlarının geniş kütləsi içərisinə yaydı. Həm də bu fraksiya işçilər tərəfindən böyük rəğbətlə qarşılandı, - bu isə hökuməti qorxuya saldı və öz qanunlarını açıqdan-açığa pozaraq deputat yoldaşlarımızı həbsə alıb ömürlük Sibirdə yaşamaq üçün sürgünə göndərməyə məcbur etdi. Yoldaşlarımızın həbsə alınması haqqında ilk rəsmi məlumatında çar hökuməti yazırdı:

“Sosial-demokrat cəmiyyətlərinin bəzi üzvləri bu cəhətdən tamamilə xüsusi mövqe tutaraq, öz fəaliyyətlərində müharibə əleyhinə təşviqat aparmaq yolu ilə, gizli müraciətlər və şifahi təbliğat vasitəsilə Rusiyanın hərbi qüdrətini sarsıtmaq məqsədini güdürlər”.

Çarizmə qarşı mübarizəni “müvəqqəti” olaraq dayandırmaq haqqında Vanderveldenin məlum çağırışına - indi çarın Belçika elçisi knyaz Kudaşevin ifadəsindən məlum olmuşdur ki, Vandervelde bu çağırışı təkbaşına deyil, həmin çar elçisi ilə birlikdə hazırlayıbmış - yalnız bizim partiyamız öz MK-sının dili ilə mənfi cavab verdi. Təsviyəçilərin rəhbər mərkəzi Vandervelde ilə razılaşdı və mətbuatda rəsmi surətdə bildirdi ki, “öz fəaliyyətində müharibənin ziddinə getmir”.

Çar hökuməti bizim deputat yoldaşlarımızı, hər şeydən əvvəl, Vanderveldeyə verilən bu mənfi cavabı işçilər arasında təbliğ etməkdə təqsirləndirdi.

Çar prokuroru c. Nenarokomov məhkəmədə, alman və fransız sosialistlərini bizim yoldaşlara nümunə göstərərək deyirdi: “Alman s.-d.-ləri hərbi kreditlərə səs verib hökumətə dost oldular. Alman s.-d.-ləri belə hərəkət etmişlər, lakin rus sosial-demokratiyasının acınacaqlı cəngavərləri belə hərəkət etmədilər... Belçika və Fransa sosialistləri başqa siniflərlə öz ədavətlərini yekdilliklə yaddan çıxarmış, partiya ixtilaflarını unutmuş və heç tərəddüd etmədən bayraqlar altına girmişlər”. RSDFF üzvləri isə, partiya MK-sının tapşırıqlarına tabe olub belə hərəkət etməmişlər... Partiyamızın proletariat kütlələri içərisində müharibə əleyhinə apardığı geniş qeyri-leqal təşviqatın təsirli mənzərəsi məhkəmədə meydana çıxdı. Əlbəttə, çar məhkəməsinin “aşkara çıxara” bildiyi şey bu sahədə yoldaşlarımızın göstərdiyi fəaliyyətin heç də hamısı deyildi. Lakin aşkara çıxarılanlar da, bir neçə aylıq qısa müddət içərisində nə qadər böyük işlər görüldüyünü göstərdi.

Qrup və komitələrimizin müharibə əleyhinə və beynəlmiləl taktika uğrunda qeyri-leqal müraciətləri məhkəmədə oxundu. Rusiyanın bütün şüurlu işçilərindən RSDF fraksiyası üzvlərinə doğru əlaqə telləri uzanırdı və bu fraksiya, müharibəyə marksizm nöqteyi-nəzərindən qiymət verməkdə həmin işçilərə əlindən gələn yardımı göstərirdi.

Xarkov quberniyası işçilərinin deputatı Muranov yoldaş məhkəmədə dedi:

“Xalqın məni dövlət dumasına, yalnız duma kreslosunda oturmağa göndərmədiyini başa düşdüyümə görə işçi sinfinin əhvali-ruhiyyəsi ilə tanış olmaq üçün yerlərə gedirdim”. Muranov yoldaş həmçinin məhkəmədə etiraf etdi ki, partiyamızın qeyri-leqal təşviqatçısı vəzifəsini öhdəsinə götürmüşdü, Uraldakı Verxneisetsk zavodunda və başqa yerlərdə işçi komitələri təşkil etmişdi. Məhkəmə göstərdi ki, müharibə başlanandan sonra RSDFF üzvləri təbliğat məqsədi ilə bütün Rusiyanı gəzmişlər, Muranov, Petrovski, Badayev və başqaları bir çox işçi yığıncaqları düzəltmişlər və bu yığıncaqlarda müharibə əleyhinə qətnamələr qəbul edilmişdir və i. a.

Çar hökuməti müttəhimləri ölüm cəzasına məhkum etməklə hədələyirdi. Bununla əlaqədar olaraq məhkəmənin özündə heç də onların hamısı Muranov yoldaş kimi mərdliklə çıxış etmədi. Onlar çar prokurorlarının onları təqsirləndirməsini çətinləşdirməyə çalışırdılar. İndi rus sosial-şovinistləri işçi sinfinə hansı parlamentarizm lazım olduğu məsələsinin mahiyyətini pərdələmək üçün bundan alçaqlıqla istifadə edirlər.

Heyne ilə Zudekum, Valyan ilə Samba, Mussolini ilə Bissolati, Plexanov ilə Çxeidze parlamentarizmi qəbul edirlər. RSDF fraksiyasından olan yoldaşlarımız da parlamentarizmi qəbul edirlər, şovinistlərlə əlaqəni kəsmiş bolqar və italyan yoldaşlar da qəbul edirlər. Parlamentarizm cürbəcür olur. Bəziləri parlament tribunasından öz hökumətlərinə qulluq göstərmək, yaxud olsa-olsa Çxeidzenin fraksiyası kimi özlərini təmizə çıxarmaq üçün istifadə edirlər. Başqaları parlamentarizmdən axıra qədər inqilabçı olaraq qalmaq üçün, ən çətin şəraitdə də öz sosialist və beynəlmiləlçi borcunu yerinə yetirmək üçün istifadə edirlər. Bəzilərinin parlament fəaliyyəti, onları nazir kreslolarına, bəzilərinin parlament fəaliyyəti isə onları həbsxanaya, sürgünə və katorqaya aparıb çıxarır. Bəziləri burjuaziyaya, bəziləri isə proletariata xidmət edirlər. Bəziləri – sosial-imperialistdirlər. Başqaları isə inqilabçı marksistdirlər.

III FƏSİL

İNTERNASİONALIN BƏRPA EDİLMƏSİ

İnternasionalı necə bərpa etməli? Lakin - əvvəlcə, İnternasionalı necə bərpa etməmək lazım olduğu haqqında bir neçə söz.

SOSİAL-ŞOVİNİSTLƏRİN VƏ “MƏRKƏZİN” METODU

Bəli, bütün ölkələrin sosial-şovinistləri böyük “beynəlmiləlçidirlər”! Onlar müharibənin lap əvvəllərindən İnternasionalın qayğısına qalırlar. Onlar bir tərəfdən inandırmağa çalışırlar ki, İnternasionalın iflasına dair sözlər “şişirdilmişdir”. Həqiqətdə, o qədər də böyük bir şey olmamışdır. Kautskinin dediklərinə qulaq asın: İnternasional sadəcə “sülh zamanının alətidir”, təbiidir ki, müharibə müddətində bu alət bir qədər öz vəzifəsi səviyyəsində olmamışdır. Digər tərəfdən bütün ölkələrin sosial-şovinistləri, yaranmış vəziyyətdən çıxmaq üçün çox sadə başlıcası isə: beynəlmiləl - bir vasitə tapmışlar. Bu, mürəkkəb bir vasitə deyildir: ancaq müharibənin qurtarmasını gözləmək lazımdır, müharibə qurtarana qədər hər bir ölkənin sosialistləri öz “vətənini” müdafiə etməli və “öz” hökumətlərinə kömək göstərməlidirlər, müharibə qurtardıqda isə bir-birlərini “bağışlamalıdırlar”, etiraf etməlidirlər ki, hamı haqlı imiş, deməlidirlər ki, biz sülh zamani qardaş kimi yaşayırıq, müharibə zamanı isə - filan qətnamələrə dürüst əməl edərək - alman işçilərini öz fransız qardaşlarını, fransız işçilərini isə öz alman qardaşlarını qırmağa çağırırıq.

Bu nöqtədə Kautski də, Plexanov da, Viktor Adler də, Heyne də həmfikirdirlər. Viktor Adler yazır ki, “bu ağır zamanı yaşayıb başa çatdırdıqdan sonra, hər bir işi bir-birimizə nöqsan tutmamaq bizim birinci vəzifəmiz olacaqdır”8. Kautski iddia edir ki, “indiyədək heç bir tərəfin ciddi sosialistlərindən elə bir söz eşidilməmişdir ki, adamı “İnternasionalın taleyi üçün” qorxuya salıb narahat etsin. Plexanov deyir ki, “günahsız öldürülənlərin qanının qoxusu gələn əlləri (alman s.-d.- lərinin əllərini) sıxmaq ürək bulandırır”. Lakin Plexanov elə buradaca “bağışlamağı” təklif edərək yazır: “burada ürəyin ağıla tabe olması lap yerindədir. İnternasional öz böyük işi xatirinə, hətta gec edilən təəssüfü də nəzərə almalıdır”. Vanderveldenin hərəkətini Heyne “Sozialistische Monatshefte”də “mərd və şərəfli” hərəkət adlandırır və onu alman sollarına nümunə göstərir.9

Bir sözlə, müharibə qurtardıqda Kautski ilə Plexanovdan, Vandervelde ilə Adlerdən ibarət bir komissiya təyin edin, onda bir-birini bağışlamaq ruhunda qətnamə bir an içində “birsəslə” tərtib edilər. Mübahisənin üstü rahatca örtülmüş olar. Hadisələri başa düşməkdə işçilərə kömək etmək əvəzinə, kağız üzərində zahiri “birliklə” onları aldadarlar. Bütün ölkələrin sosial-şovinistləri ilə riyakarlarının birləşdirilməsi internasionalın bərpası adlandırılar.

Özümüzdən nə üçün gizlədək: belə bir “bərpanın” təhlükəsi çox böyükdür. Bütün ölkələrin sosial-şovinistlərinin bunda eyni dərəcədə marağı vardır. Onlar hamısı eyni dərəcədə istəmirlər ki, öz ölkələrindəki işçi kütlələrinin özləri bu məsələni araşdırsınlar: sosializm yoxsa millətçilik. Onlar hamısı bir-birinin günahının üstünü örtməyi eyni dərəcədə istəyirlər. Onlar hamısı “beynəlmiləl” ikiüzlülük ustası Kautskinin təklif etdiyindən başqa bir şey təklif edə bilmirlər.

Eyni zamanda bu təhlükəni heç də tamamilə dərk etmirlər. Müharibənin bir ili ərzində biz beynəlmiləl əlaqələri bərpa etmək üçün bir sıra cəhdlər edildiyini gördük. Biz Londonda və Vyanada keçirilən konfranslardan danışmayacağıq, çünki orada müǝyyən şovinistlər öz “vətənlərinin” baş ştablalarına və burjuaziyasına kömək etmək üçün toplaşmışdılar. Biz Luqanoda və Kopenhagendə10 keçirilən konfransları, beynəlmiləl qadınlar konfransını və beynəlmiləl gənclər konfransını11 nəzərdə tuturuq. Bu yığıncaqlar ən yaxşı arzulardan ilham alırdı. Lakin onlar, qeyd edilən təhlükəni qətiyyən görmürdülər. Onlar beynəlmiləlçilərin mübariz hərəkət xəttini təyin etmədilər. Onlar İnternasionalı sosial-şovinist üsulunda “bərpa etməyin” doğuracağı təhlükəni proletariata göstərmədilər. Onlar olsa-olsa köhnə qətnamələri təkrar etməklə kifayətləndilər və işçilərə göstərmədilər ki, sosial-şovinistlər əleyhinə mübarizə aparılmadan sosializm işi ümidsiz vəziyyətdə qalacaqdır. Bu yığıncaqlar olsa-olsa yerində saymaq idi.

MÜXALİFƏT İÇƏRİSİNDƏ İŞLƏRİN VƏZİYYƏTİ

Heç şübhə yoxdur ki, bütün beynəlmiləlçilər üçün ən maraqlı cəhət alman s.-d. müxalifəti içərisində işlərin vəziyyətidir. II İnternasionalda ən güclü və rəhbər partiya olan rəsmi alman sosial-demokratiyası işçilərin beynəlxalq təşkilatına ən təsirli zərbə vurdu. Lakin eyni zamanda, alman sosial-demokratiyasında müxalifət də ən güclü oldu. Avropanın böyuk partiyalarından birinci olaraq burada, sosializm bayrağına sadiq qalan yoldaşlar öz gur protest səslərini ucaltdılar. “Lichtstrahlen” və “Die Internationale” jurnallarını biz sevinclə oxuduq. Almaniyada qeyri-leqal inqilabi muraciətlərin, məsələn: “başlıca düşmən öz ölkəmizdədir” muraciətinin yayıldığı xəbərini aldıqda daha çox sevindik. Buradan məlum olur ki, alman işçiləri içərisində sosializm ruhu yaşayır. Almaniyada inqilabi marksizmi müdafiə etməyə qadir olan adamlar hələ vardır.

Hazırki sosializmdə parçalanıb ayrılma alman sosial-demokratiyasi içərisində özünü xüsusilə aydın bir şəkildə biruzə vermişdir. Biz burada tamamilə aydın surətdə 3 cərəyan görürük: heç bir yerdə almaniyadakı qədər alçalma və xainlik dərəcəsinə çatmayan opportunist-şovinistlər; opportunistlərə nökərçilikdən başqa bir rol oynamaqda tamamilə aciz olduğunu burada göstərmiş olan Kautskiçi “mərkəz”; və Almaniyada yeganə sosial-demokratları təmsil edən sol cərəyan.

Alman sol cərəyanında işlərin vəziyyəti, təbiidir ki, bizi daha çox maraqlandırır. Biz bu cərəyanda öz yoldaşlarımızı görürük, onu bütün beynəlmiləlçi ünsürlərin ümidi hesab edirik.

Orada vəziyyət necədir? “Die Internationale” jurnalı tamamilə haqlı olaraq demişdir ki, alman sol cərəyanında hər şey hələ qıcqırma prosesindədir, qarşıda hələ böyük yenidən qruplaşmalar durur, bu cərəyan içərisində çox qətiyyətli və az qətiyyətli ünsürlər vardır.

Aydındır ki, biz rus beynəlmiləlçiləri, azacıq da olsa alman sol yoldaşlarımızın daxili işlərinə qarişmaq iddiasında deyilik. Biz başa düşürük ki, zaman və məkanın şəraitini nəzərə almaqla opportunistlərə qarşı öz mübarizə üsullarını müəyyən etməyə ancaq onların özlərinin tam səlahiyyəti vardır. Biz ancaq işlərin vəziyyəti haqqında öz fikrimizi açıqca bildirməyə özümüzü haqlı və borclu bilirik.

Biz bu fikirdəyik ki, “Die Internationale” jurnalındakı baş məqalənin müəllifi kautskiçi “mərkəzin” marksizm işinə açıq sosial-şovinizmdən daha artıq zərər vurduğunu iddia etməkdə tamamilə haqlıdır. İndi kim fikir ayrılığını pərdələyirsə, kim kautskiçilərin təbliğ etdiyi şeyləri indi marksizm pərdəsi altında işçilərə təbliğ edirsə, o, işçiləri yuxuya verir, məsələni qəti şəkildə qoyan və işçiləri məsələ üzərində düşünməyə məcbur edən Zudekumlardan və Heynelərdən daha zərərlidir.

Kautski və Haazenin son zamanlar “instansiyalar” əleyhinə göstərdikləri müxalifət heç kəsi çaşdırmamalıdır. Onlarla Şeydemanlar arasında fikir ayrılığı prinsipial fikir ayrılığı deyildir. Bəziləri belə zənn edirlər ki, Hindenburq va Makenzen artıq qalib gəlmişlər və indi ilhaqlara qarşı protest kimi dilxoşluqlara daha yol vermək olar. Bəziləri də belə zənn edirlər ki, Hindenburq va Makenzen hələ qalib gəlməmişlər, buna görə də “özünü axıra qədər saxlamaq” lazımdır.

Kautskiçilər “instansiyalara” qarşı ancaq zahiri mübarizə aparır, - məhz onun üçün mübarizə aparır ki, prinsipial mübahisəni müharibədən sonra işçilər qarşısında pərdələsin və işi qeyri-müəyyən “sol” ruhda yazılan 1001-ci qalın qətnamə ilə malalasın, II İnternasional diplomatları isə bu işdə çox mahirdirlər.

Tamamilə aydındır ki, alman müxalifəti “instansiyalara” qarşı öz çətin mubarizəsində kautskiçilərin prinsipial olmayan bu müxalifətindən də istifadə etməlidir. Lakin yeni kautskiçiliyə mənfi münasibət hər bir beynəlmiləlçi üçün məhək daşı olaraq qalmalıdır. Həqiqi beynəlmiləlçi ancaq o adamdır ki, kautskiçiliyə qarşı mübarizə aparır, “mərkəz” başçılarının yalançı dönüşündən sonra da “mərkəzin” prinsipial cəhətdən şovinistlərə və opportunistlərə müttəfiq olaraq qaldığını başa düşür.

Ümumiyyətlə İnternasionaldakı mütərəddid ünsürlərə bizim münasibətimizin olduqca böyük əhəmiyyəti vardır. Əksəriyyətlə pasifist çalarlı sosialistlərdən ibarət olan bu ünsürlər bitərəf ölkələrdə də, müharibə edən bəzi ölkələrdə də vardır (məsələn, İngiltərədə müstəqil işçi partiyası). Bu ünsürlar bizim çığırdaşlarımız ola bilərlər. Sosial-şovinistlərə qarşı onlarla yaxınlaşmaq lazımdır. Lakin yadda saxlamaq lazımdır ki, onlar ancaq çığırdaşdırlar. İnternasional bərpa edilərkən bu ünsürlər başlıca və əsas məsələdə bizimlə deyil, bizim əleyhimizə olacaqlar, Kautski, Şeydeman, Vandervelde və Samba ilə əlbir olacaqlar. Beynəlxalq müşavirələrdə öz proqramımızı, bu ünsürlər üçün əlverişli olan şeylərlə məhdudlaşdıra bilmərik. Yoxsa biz özümüz mütərəddid pasifistlərin əsiri olarıq. Məsələn, Berndə keçirilən beynəlxalq qadınlar konfransında belə olmuşdu. Klara Setkin yoldaşın nöqteyi-nəzərində duran alman nümayəndə heyəti bu konfransda feilən “mərkəz” rolunu oynamışdı. Qadınlar konfransı, ancaq Hollandiyanın opportunist Trulstra partiyasına mənsub nümayəndə qadınlar üçün və İ.L.P. (müstəqil işçi partiyası), yǝni bunu yadımızdan çıxarmayaq - “saziş ölkələrində” olan şovinistlərin London konfransında Vanderveldenin qətnaməsinə səs verən partiyaya mənsub nümayəndə qadınlar üçün əlverişli nə varsa, onu dedi. Biz, müharibə zamanı ingilis hökumətinə qarşı mərdliklə mübarizə apardığına görə İ.L.P-yə ən böyük ehtiramımızı bildiririk. Lakin biz bilirik ki, bu partiya marksizm zəminində durmamışdır və durmur. Halbuki bizim fikrimizcə indi s.-d. müxalifətinin başlıca vəzifəsi - inqilabi marksizm bayrağını qaldırmaqdan, imperialist müharibələrinə necə baxdığımızı işçilərə möhkəm və müəyyən şəkildə söyləməkdən, kütləvi - inqilabi hərəkətlər şüarını, yəni imperialist müharibələri dövrünü vətəndaş müharibələri dövrünün başlanğıcına çevirmək şüarını irəli sürməkdən ibarətdir.

Heç bir şeyə baxmayaraq bir çox ölkələrdə inqilabçı sosial-demokrat ünsürlər vardır. Onlar Almaniyada da, Rusiyada da, Skandinaviyada da (nümayəndəsi Hoqlund yoldaşdan ibarət nüfuzlu cərəyan), Balkanlarda da (bolqar “tesnyaklarının” partiyası), İtaliyada da, İngiltərədə də (Britaniya sosialist partiyasının bir hissəsi), Fransada da (Valyan özü beynəlmiləlçilərdən protest məktubları aldığını “L’Humanité”də etiraf etmiş, lakin onlardan heç birini bütünlüklə çap etməmişdir), Hollandiyada da (tribunaçılar12) və i. a. vardır. Bu marksist ünsürləri - əvvəldə sayca nə qədər az olsalar da - sıx birləşdirmək, həqiqi sosializmin indi unudulmuş sözlərini onların adından yada salmaq, bütün ölkələrin işçilərini şovinistlərlə əlaqəni kəsməyə və marksizmin köhnə bayrağı altına girməyə çağırmaq - günün vəzifəsi bax budur.

“Fəaliyyət” proqramları deyilən proqramlarla keçirilən müşavirələr indiyədək ancaq ondan ibarət olmuşdur ki, həmin müşavirələrdə az çox dolğun şəkildə sadə pasifizm proqramı irəli sürülmüşdür. Marksizm pasifizm deyildir. Müharibəyə tezliklə son qoyulması uğrunda mübarizə aparmaq lazımdır. Lakin “sülh” tələbi, ancaq inqilabi mübarizəyə çağırış olduqda proletar mənası kəsb edir. Bir sıra inqilablar olmadan, demokratik sülh deyilən sülh meşşan xülyasıdır. Nə kimi hadisələr baş verdiyi sualına kütlələrə mükəmməl və aydın cavab verən, imperializmin nə olduğunu və onunla necə mübarizə aparmaq lazım gəldiyini izah edən, II İnternasionalın iflasına opportunizmin səbəb olduğunu açıqca bildirən, opportunistlər olmadan və onlara qarşı marksist İnternasionalı yaratmağa açıq-aydın çağıran yalnız marksist proqramı həqiqi fəaliyyət proqramı ola bilər. Özümüzə inandığımızı, marksizmə inandığımızı, opportunizmə ölüm-dirim müharibəsi elan etdiyimizi göstərə biləcək yalnız belə bir proqram həqiqi proletar kütlələrinin gec-tez bizə rəğbətini təmin edərdi.

RUSİYA SOSİAL-DEMOKRAT İŞÇİ PARTİYASI VƏ III İNTERNASİONAL

RSDF Partiyası öz opportunistlərindən çoxdan parçalanıb ayrılmışdır. Rus opportunistləri indi üstəlik şovinist də olmuşlar. Bu‚ sosializmin mənafeyi naminə onlardan parçalanıb ayrılmağın lazım gəldiyinə dair fikirimizi yalnız möhkəmlədir. Biz bu əqidədəyik ki‚ sosial-demokratların sosial-şovinistlərlə indiki fikir ayrılığı‚ s.-d.-lər anarxistlərdən parçalanıb ayrıldıqları zaman sosialistlərlə anarxistlər arasında olan fikir ayrılığlarından heç də az deyildir. Monitor adında bir opportunist, “Preußische Jahrbücher” də doğru demişdir ki‚ hazırkı birlik opportunistlər və burjuaziya üçün xeyirlidir‚ çünki belə birlik solları şovinistlərə tabe olmağa məcbur edir və işçilərin mübahisələrindən baş çıxartmasına‚ öz həqiqi işçi, həqiqi sosialist partiyasını yaratmasına mane olur. Biz möhkəm inanırıq ki‚ hazırkı vəziyyətdə məhz geridə qalmış işçilərin gözünü tezliklə açmaq və onları. s.-d. partiyası sıralarına cəlb etmək üçün sarılardan‚ antisemitlərdən‚ liberal işçi ittifaqlarından və i.a. parçalanıb ayrılma necə lazımdırsa‚ eləcə də opportunist və şovinistlərdən parçalanıb ayrılmaq inqilabçının birinci borcudur.

Bizim fikirimizcə Üçüncü İnternasional məhz belə inqilabi bünövrə üzərində yaradılmalı idi. Bizim partiyamız üçün sosial-şovinizmlə əlaqəni kəsməyin məqsədəuyğun olub-olmadığı məsələsi yoxdur. Bu məsələ onun üçün həmişəlik həll olunmuşdur. Partiyamız üçün yalnız bunu ən yaxın zamanda beynəlmiləl miqyasda həyata keçirməyin mümkün olub-olmayacağı məsələsi mövcuddur.

Tamamilə aydındır ki‚ beynəlxalq marksist təşkilatının yaradılması üçün‚ müxtəlif ölkələrdə müstəqil marksist partiyalar yaratmağa hazırlıq olmalıdır. Ən köhnə və qüvvətli işçi hərəkatı ölkəsi olan Almaniyanın həlledici əhəmiyyəti vardır. Yeni marksist İnternasionalını yaratmaq üçün şəraitin yetişib-yetişmədiyini yaxın gələcək göstərəcəkdir. Əgər yetişmişdirsə, onda partiyamız opportunizmdən və şovinizmdən təmizlənmiş belə III İnternasionala sevinclə girər. Əgər yetişməmişdirsə, onda bu göstərər ki, belə təmizlik üçün hələ az-çox uzun bir təkamül lazımdır. Onda partiyamız, inqilabi marksizm zəminində duran beynəlxalq işçi birliyi üçün müxtəlif ölkələrdə bünövrə yaradılana qədər, əvvəlki İnternasional daxilində ifrat müxalifət olacaqdır.

Yaxın illərdə beynəlxalq miqyasda inkişafın nə şəkil alacağını biz bilmirik və bilə də bilmərik. Lakin bizim yəqin bildiyimiz və möhkəm əmin olduğumuz bir şey varsa, o da bundan ibarədir ki, bizim partiyamız bizim ölkəmizdə bizim proletariat arasında həmin istiqamətdə yorulmaq bilmədən çalışacaq və bütün öz gündəlik fəaliyyəti ilə marksist İnternasionalın Rusiya bölməsini yaradacaqdır.

Açıq sosial-şovinistlər və “mərkəz” qrupları bizim Rusiyada da az deyildir. Bu adamlar marksist İnternasionalının yaradılmasına qarşı mübarizə aparacaqlar. Biz bilirik ki, Plexanov Züdekumun durduğu eyni prinsipial zəmin üzərində durur və indidən ona əl uzadır.

Biz bilirik ki, Akselrodun rəhbərlik etdiyi “Təşkilat komitəsi” deyilən komitə rus zəminində kautskiçiliyi təbliğ edir. Bu adamlar işçi sinfinin birliyi pərdəsi altında opportunistlərlə birlik və onların vasitəsilə burjuaziya ilə birlik təbliğ edirlər. Lakin Rusiyada həqiqi işçi hərəkatı haqqında bildiklərimiz bizdə belə bir inam yaradır ki, Rusiyanın şüurlu proletariatı yenə əvvəlki kimi bizim partiyamızın tərəfində qalacaqdır.

IV FƏSİL

RUSİYADA SOSİAL-DEMOKRATİYANIN PARÇALANMASI TARİXİ

VƏ İNDİKİ VƏZİYYƏTİ

Müharibəyə münasibət məsələsində RSDFP-nin yuxarıda şərh olunan taktikası, Rusiyada sosial-demokratiyanın otuz illik inkişafının labüd nəticəsidir. Partiyamızın tarixi üzərində ciddi fikirləşmədən bu taktikanı, həmçinin ölkəmizdə sosial-demokratiyanın indiki vəziyyətini düzgün başa düşmək olmaz. Buna görə də biz həmin tarixin əsas faktlarını burada da oxucuya xatırlatmalıyıq.

Sosial-demokratiya bir ideya cərəyanı olmaq etibarilə 1883-cü ildə meydana gəlmiş və o zaman sosial-demokrat baxışları Rusiyaya uyğun şəkildə ilk dəfə xaricdə “Əmək azadlığı13” qrupu tərəfindən müntəzəm şəkildə şərh edilmişdir.

90-cı illərin əvvəlinə qədər sosial-demokratiya Rusiyada kütləvi işçi hərəkatı ilə əlaqəsi olmayan ideya cərəyanı olaraq qalırdı. 90-cı illərin əvvəlindəki ictimai yüksəliş‚ işçilər arasındakı həyəcan və tətil hərəkatı sosial-demokratiyanı işçi sinfinin mübarizəsi ilə (həm iqtisadi‚ də siyasi mübarizəsi ilə) qırılmaz surətdə bağlı olan fəal siyasi bir qüvvəyə çevirdi. Sosial-demokratiyanın “iqtisadçılara” və “iskraçılara” parçalanması da məhz o vaxtdan başlanır.

“İQTİSADÇILAR” VƏ KÖHNƏ “İSKRA” (1894-1903)

“İqtisadçılıq” rus sosial-demokratiyasında opportunist cərəyan idi. Onun siyasi mahiyyəti bu proqramdan ibarət idi: “işçilərə-iqtisadi, liberallara-siyasi mübarizə”. Onun başlıca nəzəri dayağı “leqal marksizm” deyilən cərəyan və ya “struveçilik” idi ki, bu da hər cür inqilabçılıqdan büsbütün təmizlənmiş və liberal burjuaziyanın tələbatına uyğunlaşdırılmış “marksizmi” “qəbul edirdi”. “İqtisadçılar” Rusiyada işçi kütləsinin inkişaf etmədiyinə istinad edərək və “kütlə ilə bir sırada getmək” istəyərək işçi hərəkatının vəzifələri və vüsətini iqtisadi mübarizə ilə və liberalizmə siyasi yardım göstərməklə məhdudlaşdırırdılar, qarşılarına müstəqil siyasi vəzifələr və heç bir inqilabi vəzifə qoymurdular.

Köhnə “İskra” (1900-1903) inqilabi sosial-demokratiyanın prinsipləri naminə “iqtisadçılığa” qarşı qalibiyyətli mübarizə apardı. Şüurlu proletariatın bütün ən yaxşı hissəsi “İskra”nın tərəfinə keçdi. İnqilabdan bir neçə il əvvəl sosial-demokratiya ən ardıcıl və barışmaz bir proqramla çıxış etdi. Siniflərin mübarizəsi, 1905-ci il inqilabı zamanı kütlələrin çıxışı isə, bu proqramın doğruluğunu təsdiq etdi. “İqtisadçılar” kütlələrin geriliyinə uyğunlaşırdılar. “İskra” kütlələri irəliyə apara bilən işçi avanqardı yetişdirirdi. Sosial-şovinistlərin bütün indiki dəlilləri (kütlə ilə hesablaşmaq zərurəti haqqında, imperializmin mütərəqqiliyi haqqında, inqilabçıların “xülyaları” və i. a. haqqında dəlillər) “iqtisadçılar” tərəfindən artıq iləri sürülmüşdü. Marksizmin opportunistcəsinə dəyişdirilib “struveçilik” şəklinə salınması ilə sosial-demokrat Rusiyası 20 il bundan əvvəl tanış olmuşdu.

MENŞEVİZM VƏ BOLŞEVİZM (1903-1908)

Burjua demokratik inqilabı dövrü sosial-demokratiya içərisində cərəyanların yeni mübarizəsini doğurdu ki, bu da əvvəlki mübarizənin bilavasitə davamı idi. “İqtisadçılıq” şəklini dəyişdirib “menşevizm” oldu. Köhnə “İskra”nın inqilabi taktikasının müdafiəsi “bolşevizmi” yaratdı.

Coşğun 1905-1907-ci illərdə menşevizm liberal burjuaların kömək etdiyi və liberal-burjua meyllərini işçi hərəkatında yeridən opportunist cərəyan idi. Menşevizmin mahiyyəti işçi sinfinin mübarizəsini liberalizmə uyğunlaşdırmaqdan ibarət idi. Bolşevizm isə, əksinə, liberalizmin səndələmə və xayanətlərinə baxmayaraq, demokratik kəndliləri inqilabi mübarizəyə qaldırmağı bir vəzifə olaraq sosial-demokrat işçilərin qarşısında qoyurdu. İşçi kütlələri də, menşeviklərin özlərinin dəfələrlə etiraf etdikləri kimi, inqilab zamanı bütün ən böyük çıxışlarda bolşeviklərin ardınca gedirdilər.

1905-ci il inqilabı Rusiyada barışmaz inqilabi sosial-demokrat taktikasını sınaqdan keçirtdi, möhkəmlətdi, dərinləşdirdi və mətinləşdirdi. Siniflərin və partiyaların açıq çıxışı sosial-demokrat opportunistlərin (“menşevizmin”) liberalizmlə əlaqəsini dəfələrlə aşkara çıxartdı.

MARKSİZM VƏ TƏSVİYƏÇİLİK (1908-1914)

Əksinqilab dövrü sosial-demokratiyanın opportunist taktikası ilə inqilabi taktikası məsələsini tamamilə yeni şəkildə yenə də günün növbəti məsələsinə çevirdi. Menşevizmin başlıca axını onun bir çox ən yaxşı nümayəndələrinin protestlərinə baxmayaraq, təsviyəçilik cərəyanını doğurdu, yəni Rusiyada yeni inqilab uğrunda mübarizədən, qeyri-leqal təşkilat və fəaliyyətdən əl çəkmək, “gizli fəaliyyəti”, respublika şuarını və i. a. lağa qoymaq cərəyanını doğurdu. “Naşa Zarya” jurnalının leqal ədibləri qrupunu (Potresov, Çerevanin cənabları və başqaları) şəxsində köhnə sosial-demokrat partiyasından asılı olmayan bir özək əmələ gəldi ki, bu da Rusiyanın inqilabi mübarizəni işçilərə tərgitmək istəyən liberal burjuaziyasını min vasitələrlə müdafiə edir, tərifləyir və bəsləyirdi.

RSDFP-nin 1912-ci il Yanvar konfransı bu opportunistlər qrupunu partiyadan çıxartdı, xaricdəki tam bir sıra qrup və qrupcuqların qızğın müqavimətinə baxmayaraq partiyanı bərpa etdi. İki ildən artıq bir müddətdə (1912-ci ilin əvvəli - 1914-cü ilin ortası) iki s.-d. partiyasının: 1912-ci ilin yanvarında seçilmiş MK ilə, Yanvar konfransını tanımayan və partiyanı başqa cür bərpa edərək “Naşa Zarya” qrupu ilə birliyi saxlamaq istəyən “Təşkilat komitəsinin” inadlı mübarizəsi gedirdi. İki gündəlik işçi qəzeti (“Pravda” ilə “Luç”14 və onların xələfləri) arasında, habelə IV Dövlət dumasının iki s.-d. fraksiyası arasında (pravdaçı və ya marksist “RSDF Fr.” ilə Çxeidze başda olmaqla təsviyəçilərin “s.-d. fraksiyası” arasında) inadlı mübarizə gedirdi.

“Pravdaçılar” partiyanın inqilabi əhdlərinə sadiq qalmağı müdafiə edərək, işçi hərəkatının (xüsusən 1912-ci ilin yazından sonra) başlanan yüksəlişinə yardım göstərərək, leqal və qeyri- leqal təşkilatı, mətbuat və təşviqatı birləşdirərək, şüurlu işçi-sinfinin böyük əksəriyyətini öz ətrafında sıx birləşdirdilər, halbuki təsviyəçilər - siyasi qüvvə olmaq etibarilə yalnız “Naşa Zarya” qrupunun şəxsində çıxış edərək - liberal-burjua ünsürlərinin hərtərəfli köməyinə arxalanırdılar.

Hər iki partiyanın qəzetlərinə işçi qruplarının açıq pul yığıb verməsi o dövrdə rus şəraitinə uyğunlaşdırılmış (və leqal şəkildə yeganə mümkün olan və hamının sərbəst nəzarət edə biləcəyi) s.-d. üzvlük haqqı yığmaq forması olmaqla “pravdaçıların” (marksistlərin) qüvvət və nüfuzunun proletar mənbəyinə, təsviyəçilərin (və onların “TK-sının”) isə burjua-liberal mənbəyinə arxalandığını aydın göstərdi. Toplanılan pullar haqqında “Marksizm və təsviyəçilik”15 kitabında ətraflı surətdə, alman s.-d.-lərinin “Leypsiq Xalq Qəzeti16”nin 21 iyul 1914-cü il tarixli nömrəsində isə ixtisarla çap edilən qısa məlumat budur.

Peterburqda çıxan gündəlik marksist (pravdaçı) qəzetlərlə təsviyəçi qazetlərə 1914-cü il yanvarın 1-dən mayın 13-dək pul toplayan qrupların sayı və toplanılan pulun məbləği:

Beləliklə, partiyamız 1914-cü il üçün Rusiyanın şüurlu işçilərinin 4/5-nü inqilabi s.-d. taktikası ətrafında birləşdirilmişdi. Bütün 1913-cü il ərzində pravdaçılara 2181 və təsviyəçilərə 661 işçi qrupu pul toplamışdı. 1913-cü il yanvarın 1-dən 1914-cü il mayın 13-dək bu məbləğ alınır: “pravdaçılara” (yəni bizim partiyaya) 5054 işçi qrupu və təsviyəçilərə 1332, yəni işçi qruplarının 20,8%-i pul toplamışdır.

MARKSİZM VƏ SOSİAL-ŞOVİNİZM (1914-1915)

1914-1915-ci illərin böyük Avropa müharibəsi bütün Avropa, habelə rus s.-d.-lərinə öz taktikasını ümümdünya miqyasında baş verən böhran üzərində yoxlamaq imkanı verdi. Çarizm tərəfindən aparılan müharibənin irticaçı, soyğunçu müharibə, quldarlıq müharibəsi xarakterini daşıdığı, başqa hökümətlər tərəfindən aparılan müharibənin eyni xarakterindən müqayisə edilməyəcək dərəcədə daha aydındır. Buna baxmayaraq təsviyəçilərin əsas qrupu (bizim qrupumuzdan başqa, liberallarla öz əlaqəsi nəticəsində Rusiyada ciddi nüfuzu olan yeganə qurup) sosial-şovinizmə tərəf dönüş etdi! Xeyli uzun zaman leqallıq inhisarına malik olan bu “Naşa Zarya” qrupu, “müharibəyə müqavimət göstərməməli” , üçlər (indiki dördlər) sazişinə qələbə arzulamaq, alman imperializmini “qeyri-adi günahlarda” təqsirləndirmək və i. a. mənasında kütlələr arasında təbliğat apardı. 1903-cü ildən bəri öz ifrat siyasi iradəsizliyinin və opportunizm tərəfə keçməsinin dəfələrlə nümunəsini verən Plexanov daha kəskin şəkildə eyni mövqedə durdu və Rusiyanın bütün burjua mətbuatı tərəfindən tərifləndi. Plexanov o dərəcəyə enmişdir ki, çarizm tərəfindən aparılan müharibəni ədalətli müharibə adlandırdı və İtalyanın hökümət qəzetlərində müsahibə dərc etdirərək İtaliyanı müharibəyə cəlb etdirdi!!

Beləliklə, təsviyəçiliyə verdiyimiz qiymətin və əsas təsviyəçilər qrupunu partiyamızdan çıxartmağımızın doğru olduğu tamamilə sübut olunmuşdur. Təsviyəçilərin real proqramı və onların cərəyanının real mənası indi nəinki təkcə ümumiyyətlə opportunizmdən, habelə ondan ibarədir ki, təsviyəçilər velikorus mülkədarları və burjuasiyasının bir qisminin və imtiyazlı işçilərin cüzi bir hissəsinin proletariat kütləsi əleyhinə “öz” milli burjuasiyası ilə ittifaqdır.

RUSİYA SOSİAL-DEMOKRATİYASINDA İŞLƏRİN İNDİKİ VƏZİYYƏTİ

Dediyimiz kimi, nə təsviyəçilər, nə xaricdəki tam bir sıra qruplar (Plexanov, Aleksinski, Trotski və başqalarının qrupları), nə də “milli” deyilən (yəni velikorus olmayan) s.-d.-lər bizim 1912-ci il Yanvar konfransımızı tanımadılar. Bizə yağdırılan saysız nalayiq sözlər içərisində “zorakılıq” və “təfriqəçilik” [təşkilatda, partiyada və s.-də təfriqə salma, onun vəhdətini pozma] ittihamları daha tez-tez təkrar olunurdu. Buna bizim cavabımız obyektiv şəkildə yoxlamağa imkan verən dürüst rəqəmləri göstərməkdən ibarət idi; bu rəqəmlər sübut edir ki, partiyamız Rusiyanın şüurlu işçilərinin 4/5-ünü birləşdirir. Bu, əksinqilab dövründə qeyri-leqal fəaliyyətin bütün çətinlikləri şəraitində heç də az deyildir.

Əgər “Naşa Zarya” qrupu istisna edilmədən Rusiyada s.-d. taktikası əsasında “birlik” mümkün olsaydı, onda nə səbəbə bizim saysız əleyhdarlarımız öz aralarında belə bir birlik yaratmadılar? 1912-ci ilin yanvarından tam 3,5 il keçdi və bütün bu müddətdə əleyhdarlarımız, bütün arzularına .baxmayaraq, bizə qarşı s.-d. partiyası yarada bilmədilər. Bu fakt bizim partiyamızı hər şeydən yaxşı müdafiə edir.

Bizim partiyamızla mübarizə aparan s.-d. qruplarının bütün tarixi pozğunluq və dağılma tarixidir. 1912-ci ilin martında onlar istisnasız olaraq hamılıqla bizə qarşı nalayiq sözlər yağdırmaq üçün “birləşmişdilər”. Lakin 1912-ci ilin avqustunda bizə qarşı “avqust bloku” deyilən blok yaradıldıqda onların içərisində dağılma başladı. Qrupların bir hissəsi onlardan ayrıldı. Onlar partiya və MK yarada bilmədilər.

Onlar “birliyi bərpa etmək üçün” yalnız TK yaratdılar. Lakin həqiqətdə bu TK Rusiyadakı təsviyəçi qrup üçün gücsüz bir örtük oldu. Rusiyada işçi hərəkatının bütün böyük yüksəlişi və 1912-1914-cü illərin kütləvi tətilləri dövründə “Naşa Zarya” qrupu, bütün avqust blokundan, kütlələr içərisində iş aparan yeganə qrup olaraq qalır ki, bunun da gücü liberallarla əlaqəsindədir. 1914-cü ilin əvvəlində latış s.- d.-ləri rəsmən “avqust blokundan” çıxdılar (Polşa s.-d.-ləri bu blokda yox idilər), blokun rəhbərlərindən biri olan Trotski isə qeyri-rəsmi surətdə blokdan çıxıb yenə öz xüsusi qrupunu yaratdı. 1914-cü ilin iyulunda Brüssel konfransında Beynəlxalq Sosialist Büro İcraiyyə komitəsinin, Kautskinin və Vanderveldenin iştirakı ilə bizə qarşı “Brüssel bloku” deyilən blok yaradıldı, latışlar bu bloka girmədilər və Polşa s.-d.-ləri – müxalifət– dərhal bu blokdan ayrıldı. Müharibədən sonra bu blok dağılır. “Naşa Zarya”, Plexanov, Aleksinski, Qafqaz s.-d.-lərinin rəhbəri An açıqdan-açığa sosial-şovinistlə çevrilir və Almaniyanın məğlubiyyətini arzulamağı təbliğ edirlər. TK və Bund sosial-şovinistləri və sosial-şovinizmin əsaslarını müdafiə edirlər. Çxeidzenin fraksiyası hərbi kreditlər əleyhinə səs vermiş olsa da (Rusiyada hətta burjua demokratları, trudoviklər də hərbi kreditlər əleyhinə səs vermişdilər) “Naşa Zarya”nın sədaqətli müttəfiqi olaraq qalır. Bizim ifrat sosial-şovinistlər, Aleksinski ilə Plexanov və ortaqları Çxeidzenin fraksiyasından tamamilə razıdır. Beynəlmiləlçiliyin xəyali müdafiəsini “Naşa Zarya”, TK və ya Çxeidzenin fraksiyası ilə danışıqsız birləşmək tələbi ilə bir yerə sığdırmaq istəyən Martov və Trotskinin, başlıca olaraq onların iştirakı ilə Parisdə “Naşe Slovo” (keçmişdə “Qolos”) qəzeti yaradılır. Bu qəzet özünün 250-ci №-sindən sonra dağılmağa üz qoyduğunu özü etiraf etməyə məcbur olur: redaksiyanın bir hissəsi bizim partiyamıza tərəf meyl edir, Martov TK-ya sadiq qalır və TK “Naşe Slovo”nu “anarxizm” üstündə açıq məzəmmət edir (Almaniyada opportunistlər, David və ortaqları, “Internationale Korrespondenz”17, Legin və ortaqları Libknext yoldaşı anarxizmdə təqsirləndirdikləri kimi); Trotski TK ilə əlaqəsini kəsdiyini elan edir, lakin Çxeidzenin fraksiyası ilə əlbir olmaq istəyir. Çxeidze fraksiyasının öz başçılarının biri tərəfindən şərh olunan proqramı və taktikası budur. Plexanov və Aleksinski məsləkli jurnal olan “Sovremennı Mir18” jurnalının 1915-ci ildə çıxan 5-ci №-sində Çxenkeli yazır:

“Alman sosial-demokratiyası öz ölkəsinin müharibəyə girməsinə mane ola bilərdi və bunu etmədi demək, ya onun nəinki təkcə özünün, hətta öz vətəninin də küçə səngərlərində can verməsini gizlicə arzu etməkdir, ya da yaxınlıqdakı şeylərə anarxist teleskopu ilə baxmaqdır”.

Bu bir neçə sətirdə sosial-şovinizmin bütün mahiyyəti: həm indiki müharibədə “vətənin müdafiəsi” ideyasına prinsipcə haqq qazandırması, həm də inqilabın təbliğini və hazırlanmasını - hərbi senzorların icazəsi ilə - lağa qoyması ifadə olunmuşdur. Məsələ heç də onda deyildir ki, alman sosial-demokratiyası müharibəyə mane olmağa qadir idi, ya yox, həmçinin məsələ onda deyildir ki, ümumiyyətlə inqilabçılar inqilabın müvəffəqiyyət qazana biləcəyinə söz verə bilərlər, ya yox. Məsələ sosialist kimi hərəkət etmək, yoxsa imperialist burjuaziyanın ağuşunda həqiqətən “can verməkdədir”.

PARTİYAMIZIN VƏZİFƏLƏRİ

Rusiyadakı sosial-demokratiya ölkəmizdə burjua-demokratik inqilabı (1905) ərəfəsində meydana gəlmiş, inqilab və əksinqilab zamanı möhkəmlənmişdir. Rusiyanın geriliyi bizdə xırda burjua opportunizmi cərəyanları və çalarlarının son dərəcə çox olmasını izah edir, Avropada marksizmin nüfuzu və müharibədən əvvəl leqal s.-d. partiyalarının möhkəmliyi isə bizim nümunəvi liberalları “ağlabatan”, “Avropasayağı (qeyri-inqilabi), “leqal” “marksist” nəzəriyyəsinin və sosial-demokratiyasının az qala pərəstişkarlarına çevirmişdir. Rusiyada işçi sinfi öz partiyasını, opportunizmin bütün növlərinə qarşı otuz illik qətiyyətli mübarizədən başqa bir yolla yarada bilməzdi. Avropa opportunizmini rüsvayçı iflasa uğradan və bizim milli liberalların sosial-şovinist təsviyəçiliklə ittifaqını möhkəmləndirən ümumdünya müharibəsinin təcrübəsi bizim belə bir əqidəmizi daha da möhkəmləndirir ki, partiyamız bundan sonra da eyni ardıcıl inqilabi yolla getməlidir.


  1. V. İ. Lenin 1891-ci ildə Almaniya sosial-demokratiyasının Erfurt qurultayında Libknextin çıxışını nəzərdə tutur.
  2. Klauzevitsin “Müharibə haqqında” kitabındakı sözləri nəzərdə tutulur (bax: K. Klauzevits. “Müharibə haqqında”, 1-ci cild, 5-ci nəşri, 1941, səh. 43).
  3. Dördlər sazişi: İngiltərə, Fransa, Rusiya və İtaliyanın imperialist ittifaqı idi. İtaliya 1915-ci ildə Üçlər ittifaqından çıxıb Üçlər sazişinə (Antantaya) qoşulmuşdu.
  4. 1915-ci il martın 11-də Fransa sosialisti P. Qoley Lozannada “Ölməkdə olan sosializm və Dirçəlməli olan sosializm” mövzusunda referatla çıxış etmişdi. O, elə həmin il bu kitabçanı nəşr etdirmişdi: “Le socialisme qui meurt et le socialisme qui colt renaitre”, Lausanne, 1915. Bu kitabça haqqında ətraflı məlumat üçün V.İ. Leninin “Namuslu bir fransız sosialistinin səsi” məqaləsinə bax.
  5. Brentanizm: alman iqtisadçısı Luyo Brentanonun burjua reformist təlimi, marksizmin burjua təhrifinin bir növüdür. Brentano kapitalizm cəmiyyətində “sosial sülh”, sosial ziddiyətlərin sinfi mübarizəsiz aradan qaldırıla biləcəyini təbliğ edir və göstərirdi ki, guya reformist həmkərlar ittifaqlarının təşkil edilməsi və fabrik qanunvericiliyi yolu ilə işçi məsələsini həll etmək, işçilərin mənafeyi ilə kapitalistlərin mənafeyini barışdırmaq olar. Brentano və onun ardıcılları marksist ibarəsi ilə pərdələnərək işçi hərəkatını burjuaziyanın mənafeyinə tabe etdirməyə çalışırdılar.
  6. “Novosti” - eserlər partiyasının gündəlik qəzeti; 1914-cü ilin avqustundan 1915-ci ilin mayınadək Parisdə nəşr edilirdi.
  7. “Proletarski Qolos” – qeyri-leqal qəzet, RSDFP Peterburq komitəsinin orqanı; 1915-ci ilin fevralından 1916-cı ilin dekabrınadək nəşr edilmişdir. Dörd nömrəsi çıxmışdır. Axırıncı nömrəsi polis tərəfindən müsadirə olunmuş, buraxılan tirajın az bir hissəsi xilas edilmişdi. Qəzetin birinci nömrəsində RSDFP MK-nın “Müharibə və Rusiya sosial-demokratiyası” manifesti çap olunmuşdu.
  8. Lenin V. Adlerin “Hoffnungsschimmer” (“Ümid parıltısı”) məqaləsindən sitat gətirir, məqalə “Arbeiter Zeitung” qəzetində çap edilmişdi, № 45, 14 fevral 1915-ci il.
  9. V. İ. Lenin V. Heynenin “Die deutsche Sozialdemokratie im deutschen Volk” (“Alman sosial-demokratiyası və alman xalqı”) məqaləsini nəzərdə tutur, məqalə “Sozialistische Monatshefte” (“Sosialist Aylığı”) jurnalının 1915-ci il 8 iyul tarixli 13-cü №-sində çap edilmişdi.
  10. Kopenhagen konfransı – bitərəf ölkələrin sosialistlərinin 1915-ci il yanvarın 17-18-də Kopenhagendə keçirilmiş konfransdır. Konfransda İsveç, Danimarka, Norveç və Hollandiya sosialist partiyalarının nümayəndələri iştirak edirdi. Konfrans tərəfindən qəbul edilən qərarla bitərəf ölkələrin parlamentlərinin s.-d. deputatlarına təklif olunurdu ki, öz hökumətlərini, müharibə edən ölkələr arasında vasitəçi olub sülhün bərpa edilməsini sürətləndirməyə vadar etsinlər.
  11. Beynəlxalq sosialist gənclər konfransı 1915-ci il aprelin 4-6-da Berndə olmuşdur. Konfransda 10 ölkənin – Bolqarıstan, Almaniya, Hollandiya, Danimarka, İtaliya, Norveç, Polşa, Rusiya, İsveçrə və İsveçin gənclər təşkilatlarının nümayəndələri iştirak edirdilər. Konfransın gündəliyində başlıca məsələ “Müharibə və sosialist gənclər təşkilatlarının vəzifələri” məsələsi idi. Konfransın təşkili və hazırlanması işləri sentrist R. Qrimmin təsiri altında görülürdü ki, bu da onun işlərinin yekununu irəlicədən müəyyənləşdirmişdi. Konfransdan gənclərin beynəlmiləlçi ünsürlərini sıx birləşdirmək məqsədi ilə istifadə etmək vəzifəsini qarşısında qoyan RSDFP MK öz nümayəndələrini (İ. F. Armandı və Q. İ. Safarovu) konfransa göndərmişdi. RSDFP MK-nın nümayəndə heyəti konfransda müzakirə üçün bir qətnamə layihəsi irəli sürdü ki, bu da müharibə məsələsinə dair bolşevik partiyasının əsas müddəalarından ibarət idi. Bu layihə sosialist qadınların beynəlxalq müşavirəsi üçün

    V. İ. Lenin tərəfindən yazılmış olan layihə əsasında (bax: bu 226-228) düzəldilmişdi. Lakin konfrans sentrist ruhunda yazılmış qətnaməni qəbul etdi.

    N. K. Krupskaya bu konfras haqqında A. M. Kollontaya məktubunda yazırdı: “Orada sol ünsürlər (hollandiyalılar, norveçlər, almanlar, bolqarlar, polyaklar) xeyli çox idisə də, heç cür yaxınlaşma mümkün olmadı. Onlarda müntəzəm surətdə ruslar əleyhinə fikir yaradırdılar, MK-nın rus nümayəndə heyəti qətnaməni birlikdə müzakirə etməyin zəruri olduğu üzərində təkid etdikdə isə, rusları onlara verilmiş səsdən məhrum etdilər, yalnız ruslar çıxıb getdikdən sonra sol camaat etiraz etdi, rusları geri çağırdılar, lakin hər halda qətnamənin müzakirəsi baş tutmadı, onlar üçün Qrimm ilə Balabanova qətnamə yazdılar” (Sov. İKP MK yanında Marksizm-Leninizm İnstitutunun Mərkəzi Partiya Arxivi).

  12.  

    Tribunaçılar – Hollandiya Sosial-demokrat partiyasının üzvləridir, partiyanın orqanı “Tribuna” qəzeti idi. Tribunaçılara D. Vaynkop, G.Qorter, A. Pannekuk, H. Rolandholst başçılıq edirdilər. Tribunaçılar ardıcıl bir inqilabi partiya deyildi, lakin Hollandiyada işçi hərəkatının sol qanadını təşkil edir və dünya imperialist müharibəsi (1914-1918) illərində əsas etibarilə beynəlmiləlçi mövqelərində dururdular. Tribunaçılar 1918-ci ildə Hollandiya Kommunist partiyasını yaratdılar.
  13. “Əmək azadlığı” qrupu - 1883-cü ildə K.V. Plexanovun Cenevrədə yaratdığı ilk rus marksist qrupudur. Bu qrupa Plexanovdan başqa P.B. Akselrod, L.Q. Deyç, V.İ. Zasuliç, V.N. İqnatov daxil idi. “Əmək azadlığı” qrupu marksizmin Rusiyada təbliği sahəsində çox iş gördü. Rusiyada marksizmin yayılması və sosial-demokrat hərəkatının inkişafı yolunda ideya cəhətdən başlıca əngəl olan xalqçılığa ciddi zərbə endirdi. K.V. Plexanovun yazdığı və “Əmək azadlığı” qrupunun nəşr etdiyi rus sosial-demokratları proqramının iki layihəsinin (1883 və 1885) Rusiyada sosial-demokrat partiyasını hazırlamaq və yaratmaqda böyük əhəmiyyəti oldu. V.İ. Lenin göstərirdi ki, “Əmək azadlığı” qrupu “yalnız nəzəri cəhətdən sosial-demokratiyanın əsasını qoymuş və işçi hərəkatına doğru birinci addımı atmışdı” (Əsərləri, 4-cü nəşri, 20-ci cild, səh.282).
  14. “Luç” - təsviyəçi menşeviklərin gündəlik qəzeti; 1912-ci il sentyabrın 16 (29)-dan 1913-cü il iyulun 5 (18)-dək Petersburqda çıxırdı. 237 nömrəsi çıxmışdır. Qəzet əsasən liberalların ianəsi hesabına dolanırdı. Qəzetə ideya rəhbərliyi P. B. Akselrodun, F.İ. Danın, L. Martovun, A.S. Martınovun əlində idi. Qəzetin səhifələrində təsviyəçilər bolşeviklərin inqilabi taktikası əleyhinə çıxır, “açıq partiya” deyilən partiya yaratmaq şüarı kimi opportunist şüarını təbliğ edir, işçilərin inqilabi kütləvi tətilləri əleyhinə çıxır, partiya proqramının ən mühüm müddəalarını təftiş etməyə çalışırdılar. Lenin qəzeti xainlərin orqanı adlandırır və yazırdı ki, ““Luç” liberal siyasətinin əsarəti altına düşmüşdür”.
  15. “Marksizm və təsviyəçilik. Müasir işçi hərəkatının əsas məsələlərinə aid məqalələr məcmuəsi. II hissə.” 1914-cü ilin iyulunda “Priboy” partiya nəşriyyatı tərəfindən buraxılmışdı. Məcmuədə Leninin təsviyəçilər əleyhinə bir sıra məqalələri çap edilmişdi.
  16. “Leipziger Volkszeitung” (“Leypsiq Xalq Qəzeti”) – gündəlik sosial-demokrat qəzeti; 1894-cü ildən 1933-cü ilədək çıxmışdır; bir sıra illər ərzində F. Merinq və R. Lüksemburq tərəfindən redaktə edilən bu qəzet sol sosial-demokratların orqanı olmuşdur. 1917-ci ildən 1922-ci ilədək qəzet alman “müstəqillərinin”, 1922-ci ildən sonra isə sağ sosial-demokratların orqanı idi.
  17. “Internationale Korrespondenz” (“Beynəlxalq Xəbərlər”) - alman sosial-şovinistlərinin həftəlik jurnalı; 1914-cü il sentyabrın axırlarından 1918-ci il oktyabrın 1-dək Berlində çıxırdı.
  18. “Sovremennı Mir”- aylıq ədəbi, elmi və siyasi jurnal; 1906-cı ilin oktyabrından 1918-ci ilin axırlarınadək Peterburqda çıxırdı. Jurnal menşeviklər, o cümlədən K.V. Plexanov yaxından iştirak edirdi. Plexanovçularla blok dövründə və 1914-cü ilin əvvəllərində jurnalda bolşeviklər əməkdaşlıq edirdilər. Dünya imperialist müharibəsi illərində jurnal sosial-şovinistlərin orqanı olmuşdu.

Kitabda adı çəkilən şəxslər haqqında

A

Adler, Viktor (1852-1918) - Avstriya sosial-demokratiyasının təşkilatçı və liderlərindən biri. Siyasi fəaliyyətə burjua radikalı kimi başlamış, 80-ci illərin ortalarından fəhlə hərəkatında iştirak etmişdir. 1886-cı ildə Adler “Gleichheit” (“Bərabərlik”) qəzetini təsis etmişdir. 1889-cu ildən Avstriya sosial-demokratiyasının mərkəzi orqanı “Arbeiter-Zeitung”un (“Fəhlə Qəzeti”nin) redaktoru olmuşdur. 1880-90-cı illərdə V. Adler F. Engels ilə əlaqə saxlamış, lakin onun vəfatından az sonra reformizmə yuvarlanmış və opportunizmin başçılarından biri kimi çıxış etmişdir. Dünya imperialist müharibəsi zamanı sentrist mövqeyi tutmuş, “sinfi sülh” təbliğ etmiş və fəhlə sinfinin inqilabi çıxışlarına qarşı mübarizə aparmışdır. 1918-ci ildə, Avstriyada burjua respublikası qurulduqdan sonra bir müddət xarici işlər naziri olmuşdur.

Akselrod, P.B. (1850-1928) - menşevizmin liderlərindən biri. 1883-cü ildə "Əmək azadlığı" qrupunun yaradılmasında iştirak etmişdi. 1900-cü ildən etibarən "İskra" redaksiyasının üzvü idi. RSDFP II qurultayından sonra fəal menşevik olmuşdu. 1905-ci ildə "fəhlə qurultayı" çağırmaq ideyası kimi opportunist ideya irəli sürür və bu "fəhlə qurultayını" proletariatın partiyasına qarşı qoyurdu. İrtica və yeni inqilabi yüksəliş illərində təsviyəcilərin rəhbərlərindən biri idi, təsviyəçi menşeviklərin "Qolos Sosial-Demokrata" qəzeti redaksiyasına daxil olurdu; 1912-ci ildə antipartiya Avqust blokunda iştirak edirdi. Dünya imperialist muharibəsi illərində sosial-şovinist idi. 1917-ci il Fevral burjua-demokratik inqilabından sonra Petroqrad Soveti icraiyyə komitəsinin üzvü olub, burjua Müvəqqəti hökumətini müdafiə edirdi. Oktyabr sosialist inqilabını düşmənçiliklə qarşılamışdı; mühacirətdə olarkən Sovet Rusiyasına qarşı silahlı müdaxilə təbliğ edirdi.

Aleksandr II (Romanov) (1818-1881) - rus imperatoru (1855-1881)

Aleksinski, Q.A. (1879-1967) - siyasi fəaliyyətinin əvvəllərində sosial-demokrat idi. Birinci rus inqilabı dövründə bolşeviklərə qoşulmuşdu. İrtica illərində otzovist idi, "Vperyod" antipartiya qrupunun təşkilatçılarından biri olmuşdu. Dünya imperialist müharibəsi dövründə sosial-şovinist olub, bir sıra burjua qəzetlərində əməkdaşlıq edirdi. 1917-ci ildə Plexanovun "Yedinstvo" qrupuna qoşulmuşdu, əksinqilabçı mövqe tuturdu. 1917-ci ilin iyulunda hərbi əks-kəşfiyyatla birlikda saxta sənədlər düzəldərək V. İ. Leninə və bolşeviklərə böhtan atmışdır. 1918-ci ilin aprelində xaricə qacmışdır. Mühacirətdə olarkən ifrat irtica cəbhəsinə qoşulmuşdu.

An. (Jordaniya, N. N.) (1870-1953) - sosial-demokrat, Qafqaz menşeviklərinin liderlərindən biri. İrtica və yeni inqilabi yüksəliş illərində Jordaniya formal surətdə partiyalı menşeviklərə qoşulmuşdu, əslində təsviyəciləri müdafiə edirdi. 1914-cu ildə Lev Trotskinin “Borba” jurnalında əməkdaşlıq edirdi. Dünya imperialist müharibəsi zamanı sosial-şovinist idi. 1917-ci il Fevral burjua-demokratik inqilabından sonra Tiflis fəhlə deputatları Sovetinin sədri olmuş, 1918-1921-ci illərdə Gürcüstanda əksinqilabçı menşevik hökumətinə başçılıq etmişdir; 1921-ci ildən ağ mühacir olmuşdur.

B

Badayev, A. Y. (1883-1951) - bolşevik, peşəsinə görə çilingər fəhlə, sonralar sovet partiya və dövlət xadimi. 1904-cu ildə RSDFP-yə daxil olmuş, Peterburqda partiya işi aparmışdır. Peterburq quberniyası fəhlələri tərəfindən IV Dövlət dumasının deputatı seçilmişdi, Dumanın bolşevik fraksiyasına daxil idi; Duma işi ilə yanaşı, Dumadan kənarda böyuk inqilabi iş aparır, "Pravda" bolşevik qəzetində əməkdaşlıq edirdi. 1914-cu ilin noyabrında imperialist müharibəsinə qarşı inqilabi fəaliyyət üstündə Badayev digər bolşevik deputatlarla birlikdə həbsə alınmış və 1915-ci ildə Turuxansk diyarına sürgün edilmişdi. 1917-ci il Fevral burjua-demokratik inqilabından sonra Petroqradda bolşevik təşkilatının işində fəal iştirak edirdi. Oktyabr sosialist inqilabından sonra rəhbər partiya, sovet və təsərrüfat işlərində calışmışdır. 1925-ci ildən Mərkəzi Komitənin üzvü idi. Daha sonra güclənən stalinist bürokratiyanın nümayəndəsi, 1938-1943-cü illərdə RSFSR Ali Soveti Rəyasət Heyətinin sədri və SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdur.

Bauer, Otto (1882-1938) - Avstriya sosial-demokratiyasının və II İnternasionalın liderlərindən biri, inqilabi marksizmdən, proletariatın sinfi mübarizəsindən imtina etməsini marksist ibarələrlə pərdələyən "Avstriya marksizm"inin ideoloqu. Burjua-millətçi nəzəriyyəsi olan "mədəni-milli muxtariyyət" nəzəriyyəsinin müəlliflərindən biri. Oktyabr sosialist inqilabına mənfi münasibət bəsləyirdi. 1918-1919-cu illərdə Avstriya burjua respublikasının xarici işlər naziri olmuşdur. 1919, 1927 və 1934-cü illərdə Avstriya fəhlə sinfinin inqilabi çıxışlarının yatırılmasında fəal iştirak etmişdir.

Bebel, Avqust (1840-1913) - alman sosial-demokratiyasının və beynəlxalq fəhlə hərəkatının görkəmli xadimlərindən biri. Siyasi fəaliyyətə 60-cı illərin birinci yarısında başlamışdı, I İnternasionalın üzvü idi. 1869-cu ildə V. Libknextlə birlikdə alman Sosial-demokrat fəhlə partiyasının (eyzenaxlılar) əsasını qoymuşdur; dəfələrlə reyxstaqın deputatı seçilmişdir. 1870-1871-ci illərdəki Fransa-Prussiya müharibəsi zamanı reyxstaqda hərbi kreditlər əleyhinə səs vermişdir. 1890-cı illərdə və 1900-cü illərin əvvəllərində alman sosial-demokratiyasının sıralarında reformizmin və təftişçiliyin əleyhinə çıxırdı. Bernşteynçiliyə qarşı Bebelin nitqlərini Lenin "marksist baxışlarını müdafiə etmək və fəhlə partiyasının həqiqi sosialist xarakteri uğrunda mübarizə" nümunəsi hesab etmişdir. Bebel öz fəaliyyətinin son dövründə sentrist xarakterli bir sıra səhvlər buraxmışdır.

Bissolati, Leonida (1857-1920) - İtaliya sosialist partiyasının banilərindən və partiyanın ifrat sağ reformist qanadının liderlərindən biri. 1896-1904-cü və 1908-1910-cu illərdə sosialist partiyasının mərkəzi orqanı "Avanti!" ("İrəli!") qəzetinin redaktoru olmuşdur. 1897-ci ildən parlamentin üzvü idi. 1912-ci ildə İtaliya sosialist partiyasından xaric edilmiş və "sosial-reformist partiyası"nı təşkil etmişdir. Dünya imperialist müharibəsi zamanı sosial-şovinist idi, İtaliyanın müharibədə Antantanın tərəfində iştirak etməsinə tərəfdar idi. 1916-1918-ci illərdə portfelsiz nazir sifətilə hökumətə daxil olmuşdu.

Burtsev, V. L. (1862-1936) - 1880-ci illərdə inqilabi hərəkatda iştirak etmiş, narodnayavolyaçılara yaxın olmuşdur. Həbs edildikdən sonra xaricə qaçmış, orada inqilabi hərəkata dair sənədləri toplayıb nəşr etməklə məşğul olmuşdur. "Bıloye" adlı jurnal nəşr etmişdir. Birinci rus inqilabı ərəfəsində eserlərə yaxın idi, inqilabın məğlubiyyətindən sonra kadetlərə tərəfdar olmuşdur. Dünya imperialist muharibəsi zamanı qatı şovinist idi. Rusiyaya qayıtdıqdan sonra bolşeviklərə qarşı əksinqilabın tərəfində çıxış edirdi. Oktyabr sosialist inqilabından sonra xaricə mühacirət etmişdir.

Ç

Çerevanin, N. (Lipkin, F. A.) (1868-1938) - Menşevizmin liderlərindən biri, ifrat təsviyəçi. 1912-ci il avqust anti-partiya konfransından sonra menşevik mərkəzinin (TK) üzvü olmuşdur. Dünya imperialist muharibəsi zamanı sosial-şovinist idi. 1917-ci ildə menşeviklərin mərkəzi orqanı olan "Raboçaya Qazeta"nın redaktorlarından biri və menşevik MK-sının üzvü idi. Oktyabr sosialist inqilabına düşməncəsinə yanaşmışdır

Çxeidze, N. S. (1864-1926) - menşevizmin liderlərindən biri. Tiflis quberniyasından III və IV Dövlət dumalarının deputatı idi. IV Dumanın menşevik fraksiyasına başçılıq edirdi. Lenin Çxeidzeni Dumada opportunistləri qorumaq və onlara xidmət etmək bacarığını göstərmiş olan və "partiya ətrafında dolaşan sosial-demokrat" adlandırmışdır. Dünya imperialist müharibəsi illərində sentrist mövqeyi tutaraq əslində rus sosial-şovinistlərinin siyasətini müdafiə edirdi. 1917-ci il Fevral burjua-demokratik inqilabı zamanı Dövlət Duması Müvəqqəti komitəsinin üzvü, müdafiəçi Çxeidze Petroqrad fəhlə və əsgər deputatları Sovetinin sədri, birinci çağırış MİK-in sədri olub, burjua Müvəqqəti hökumətinə fəal kömək edirdi. Oktyabr sosialist inqilabından sonra Gürcüstan Müəssislər Məclisinin - əksinqilabçı menşevik hökumətinin sədri olmuşdu. 1921-ci ildə Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra Fransaya mühacirət etmişdi.

Çxenkeli, A. İ. (1874-1959) - sosial-demokrat, menşevik, peşəsinə körə hüquqçu. İrtica və yeni inqilabi yüksəliş illərində təsviyəçi. Batum və Qars vilayətlərindən və Suxum mahalından IV Dövlət dumasının deputatı. Dumada menşevik fraksiyasının tərkibinə daxil idi. Dünya imperialist müharibəsi zamanı sentrist mövqelərində dururdu. 1917-ci il Fevral burjua-demokratik inqilabından sonra burjua Müvəqqəti hökumətinin Zaqafqaziyada nümayəndəsi. 1918-1921-ci illərdə Gürcüstan menşevik hökumətinin xarici işlər naziri, sonra ağ mühacir.

D

David, Eduard (1863-1930) - alman sosial-demokratiyası sağ qanadının liderlərindən biri, təftişçi, peşǝsinə görə iqtisadçı. Alman opportunistlərinin "Sozialistische Monatshefte" ("Sosialist Aylığı") jurnalının yaradıcılarından biri olmuşdur. 1903-cü ildə "Sosializm və kənd təsərrüfatı" kitabını nəşr etdirmişdi. V. İ. Lenin həmin kitabı "aqrar məsələsində təftişçiliyin başlıca əsəri" adlandırmışdır. 1903-cü ildən reyxstaqın deputatı idi. Düya imperialist müharibəsi zamanı sosial-şovinist idi. "Sosial-demokratiya ümumdünya müharibəsində" kitabında (1915) alman sosial-demokratiyası sağ qanadının imperialist müharibəsində tutduğu opportunist mövqeyini müdafiə edirdi. 1919-cu ildə Almaniya respublikasının birinci koalisiyalı hökumətinə daxil olmuşdu, 1919-1920-ci illərdə daxili işlər naziri, 1922- 1927-ci illərdə Hessendə hökumətin nümayəndəsi vəzifəsində işləyirdi; alman imperializminin, qisasçılıq niyyətlərini müdafiə edirdi.

E

Engels, Fridrix (1820-1895) - elmi kommunizmin banilərindən biri, beynəlxalq proletariatın rəhbəri və müəllimi, K. Marksın dostu və silahdaşı.

G

Gilyom, Cems (1844-1916) — anarxist, publisist, marksizmin qatı düşməni. I İnternasionalın üzvü, onun bir sıra konqreslərinin iştirakçısı olmuşdur. 1860-cı illərin axırlarından Bakuninin silahdaşı idi; bakuninçi gizli Sosialist demokratiyası ittifaqının təşkilatçılarından və rəhbərlərindən biri idi, bu ittifaqın İnternasionala qarşı təfriqəçilik-pozuculuq fəaliyyətinin və İnternasionalın rəhbərləri Marksa və Engelsə qarşı onun apardığı böhtan kampaniyalarının fəal iştirakçısı idi. Gilyom 1872-ci ildə Haaqa konqresində Bakuninlə birlikdə İnternasionaldan xaric edilmişdir. 1872-1877-ci illərdə beynəlxalq anarxist təşkilatının rəhbərlərindən biri idi. 1878-ci ildən Fransada yaşamış, burada XX əsrin əvvəllərindən anarxizm-sindikalizm hərəkatında iştirak etmişdir. 1905-1910-cu illərdə I İnternasional haqqında dördcildlik əsər nəşr etdirmiş, burada İnternasionalın tarixini saxtalaşdırmış və marksizmi təhrif etmişdir. Dünya imperialist müharibəsi zamanı sosial- şovinist idi.

H

Haaze, Hüqo (1863-1919) - alman sosial-demokratiyasının liderlərindən biri, sentrist. 1911-ci ildə Almaniya sosial-demokrat partiyası idarə heyətinin sədri seçilmişdi. 1897-1907-ci və 1912-1918-ci illərdə reyxstaqın deputatı, 1912-ci ildən reyxstaqda sosial-demokrat fraksiyasının sədri idi. Dünya imperialist müharibəsi zamanı sentrist mövqelərində dururdu. 1917-ci ildə Kautski ilə birlikdə “Almaniya Müstəqil Sosial-demokrat Partiyası”nı təsis etmişdi. Lenin Haazeni və alman “müstəqillər” partiyasının başqa üzvlərini “nökər qəlbli adamlar, qorxaqlar, nəzəriyyəbazlar, burjuaziyanın iradəsiz köməkçiləri və reformistlər” adlandırmışdır. Almaniyada 1918-ci il Noyabr inqilabı zamanı Haaze Xalq Müvəkkilləri Şurası deyilən şuranın tərkibinə daxil idi. Bu şura inqilabi hərəkatı boğmaq siyasəti yeridirdi.

Heyne, Volfhanq (1861-1944) - alman siyasi xadimi, sağ sosial-demokrat, peşəsinə görə vəkil. 1898-ci ildə reyxstaqa seçilmiş, lakin bir qədərdən sonra sosial-demokratlar tərəfindən təşkil edilən siyasi nümayişdə iştirak etməkdən boyun qaçırdığına görə deputatlıq mandatından məhrum edilmişdi. "Sozialistische Monatshefte" ("Sosialist Aylığı") jurnalının əməkdaşı idi. Təftişçilik xarakterli məqalələri üstündə tez-tez Bebel, Merinq və başqaları tərəfindən kəskin tənqid edilirdi. Dünya imperialist müharibəsi zamanı sosial-şovinist idi. Almaniyada 1918-ci il Noyabr inqilabından sonra Heyne Ədliyyə naziri, 1919-1920-ci illərdə isə Prussiya hökumətinin Daxili İşlər naziri olmuşdu. 1920-ci ildən sonra siyasi fəaliyyətdən uzaqlaşıb vəkilliklə məşğul olurdu. 1933- cu ildə İsveçrəyə muhacirət etmişdi.

Hindenburq, Paul (1847-1934) - Almaniyanın hərbi və dövlət xadimi, feldmarşal, Almaniya imperializminin irticaçı və şovinist ünsürlərinin nümayəndəsi. Dünya imperialist müharibəsi illərində Şərq cəbhəsində Almaniya ordusunun komandanı, sonra isə baş ştabın rəisi olmuşdur. Oktyabr sosialist inqilabının qələbəsindən sonra Sovet Rusiyasına qarşı hərbi müdaxilənin fəal təşkilatçılarından biri. Almaniyada 1918-ci il Noyabr inqilabının yatırılmasında fəal iştirak etmişdir. 1925-1934-cü illərdə Veymar respublikasının prezidenti. 1933-cü ildə hökümət təşkil etməyi Hitlerlə tapşırmış və beləliklə tam hakimiyyəti rəsmən faşistlərin ixtiyarına vermişdi.

Hoqlund, Karl Set Konstantin (1884-1956) - isveç sosial-demokratı, İsveçdə sosialist gənclər hərəkatı sol qanadının lideri. 1908-1918-ci illərdə “Zəng” qəzetinin redaktoru. Dünya imperialist müharibəsi illərində beynəlmiləlçi, Simmervald sosialist konfransında Simmervald sol qrupuna qoşulmuşdu. 1916-cı ildə müharibə əleyhinə təbliğat üstündə məhkəməyə verilmişdi. 1917-1924-cü illərdə İsveç Kommunist partiyasının rəhbərlərindən biri idi. 1922-ci ildə Kominternin idarə heyəti üzvü seçildi. 1924-cü ildə isə, Moskvanın digər ölkələr üzərində hər bir detala qərar verərək mərkəziyyətçi struktur olmasını ifadə edib Kominterndən ayrıldı.

K

Kautski, Karl (1854-1938) – Alman sosial-demokratiyasının və II internasionalın liderlərindən biri; əvvələr marksist olmuş, sonralar marksizmə xəyanət etmiş, opportunizmin ən təhlükəli və zərərli növü olan sentrizmin (kautskiçiliyin) ideoloqu olmuşdu. Alman sosial-demokratiyasının “Yeni zəmanə” nəzəri jurnalının redaktoru olmuşdur. Sosialist hərəkatında 1874-cü ildən iştirak etməyə başlamışdır. O zaman onun siyasi baxışları Lassalçılığın neo-maltusçuluğun və anarxizmin qarışığından ibarət idi. 1881-ci ildə K. Marks və F. Engelslə tanış olur və onların təsiri altında marksizmin tərəfinə keçir, lakin hələ həmin dövrdə Kautskinin opportunizm tərəfə tərəddüdləri və səndələmələri özünü göstərirdi. Bunun üstündə K. Marks və F. Engels onu kəskin tənqid edirdilər. 1880-1890-cı illərdə marksizm nəzəriyyəsinin ayrı-ayrı məsələləri barəsində bir sıra əsərlər yazmışdır: “Karl Marksın iqtisad təlimi” , “Aqrar məsələsi” və başqaları. Səhvlərinə baxmayaraq, bu əsərlər marksizmin təbliğində müsbət rol oynamışdır. Sonralar, 1910-1911-ci illərdə Kautski opportunizm mövqelərinə keçir. Dünya imperialist müharibəsi zamanı Kautski sentrizm mövqelərində duraraq, öz sosial şovinizmini beynəlmiləlçilik ibarələri ilə pərdələyirdi. Ultra imperializm kimi mürtəce nəzəriyyənin müəllifidir. Oktyabr sosialist inqilabından sonra proletar inqilabına və işçi sinfinin diktaturasına qarşı, Sovet hakimiyyətinə qarşı açıqca çıxış edirdi.

V. İ. Lenin özünün “ II İnternasionalın iflası”, “İmperializm kapitalizmin ən yüksək mərhələsidir”, “Dövlət və inqilab”, “Proletar inqilabı və xain Kautski” və bir sıra başqa əsərlərində kautskiçiliyi məhvedici şəkildə tənqid etmişdir.

Kerenski, A.F. (1881-1970) – Eser 4-cü Dövlət dumasının deputatı sonralar burjua müvəqqəti hökümətinə başçılıq etmişdir. Dumada bir müddət trudoviklər qrupuna qoşulmuş və onun sədri olmuşdur. Dünya imperialist müharibəsi illərində qatı müdafiəçi idi. 1917-ci il Fevral burjua-demokratik inqilabından sonra Müvəqqəti hökümətin naziri, sonra isə baş naziri və ali baş komandanı olmuşdur. Oktyabr sosialist inqilabından sonra Sovet hakimiyyətinə qarşı fəal mübarizə aparmış, 1918-ci ildə xaricə qaçmışdır. Mühacirətdə olarkən anti-sovet təbliğatı aparmışdı.

Klausevitz, Karl (1780-1831) – Prussiya generalı, burjuaziyanın ən görkəmli hərbi nəzəriyyəçisi. Napoleon Fransasının qarşı müharibələrdə Prussiya ordusunun və rus ordusunun (1813-1813) ştab zabiti sifəti ilə iştirak etmişdir. 1818-1830-cu illərdə Berlində hərbi akademiyanın direktoru olmuşdur. O, Napoleon müharibələrinin və başqa müharibələrin tarixinə dair bir sira əsərlərin müəllifidir. Özünün “Müharibə haqqında”adlı əsas əsərində belə bir dərin fikir söyləmişdir ki, “müharibə siyasətin başqa vasitələrlə davamıdır” lakin “sinfin fövqündə” duran dövlət haqqında idealist nəzəriyyənin əsas tutan Klauzevits siyasətin və müharibənin sinfi təbiətini başa düşmürdü. O, siyasətə dövlət daxilində müxtəlif siniflərin mənafeləri “ahəngdarlığının” təzahürü kimi baxır, xarici siyasəti daxili siyasətdən metafizikcəsinə ayırır, müharibənin dövlətlər arasında ziddiyyətləri həll etməyin “əbədi” vasitəsi kimi mütləqləşdirirdi. Almaniyanın Kayzerci və faşist militarsitləri öz təcavüzkar – avantürist hərbi doktrinalarını işləyib hazırlayarkən Klauzevitsin hərbi nəzəriyyəsinin bu və başqa belə müddəalarının əsas götürmüşdülər.

Kropotkin, P. A. (1842-1921) - anarxizmin başlıca xadimlərindən biri, knyaz. 1872-ci ildə xaricdə Bakunin qrupuna qoşulmuşdu. Rusiyaya qayıtdıqdan sonra bir anarxist kimi xalqçılıq hərəkatında iştirak etmiş, bunun üstündə həbsə alınıb Petropavlovsk qalasına salınmışdı. 1876-cı ildə xaricə qaçmış, orada marksizmə qarşı fəal mübarizəyə başlamış, K. Marksın sinfi mübarizəyə və proletariat diktaturasına dair təliminə qarşı çıxış etmişdir. Dünya imperialist müharibəsi zamanı şovinist idi. 1917-ci ildə mühacirətdən qayıtdıqdan sonra burjua mövqelərində qalmışdır, 1920-ci ildə Avropa fəhlələrinə məktubla müraciət edib, Oktyabr sosialist inqilabının tarixi əhəmiyyətini etiraf etmiş və fəhlələri Sovet Rusiyasına qarşı hərbi müdaxiləyə mane olmağa çağırmışdır. Coğrafiyaya və geologiyaya dair bir sıra elmi əsərlərin müəllifidir.

Q

Qoley, Pavel - İsveçrə sosial-demokratı, İsveçrənin qərb (fransız) hissəsi sosial-demokrat təşkilatının üzvü, publisist. Lozannada çıxan "Le Grutléen" ("Qrütlianlı") sosialist qəzetinin redaktoru olmuşdur. Dünya imperialist müharibəsinin əvvəllərində II İnternasionalda opportunizmə va sosial-şovinizmə qarşı çıxış edirdi. Lakin hələ o zaman opportunistlərə qarşı barışdırıcılıq xətti yeridirdi. V. İ. Leninin dəvətinə baxmayaraq Qoley Simmervald konfransına gəlməmiş, bir qədərdən sonra isə sentrist-pasifist mövqelərinə keçmişdi.

Qorter German (1864-1927) - Hollandiya sosial-demokratı, şair və publisist. 1897-ci ildə sosial-demokratlara qoşulmuşdur. 1907-ci ildə Hollandiya sosial-demokrat işçi partiyası sol qanadının orqanı “Tribuna” qəzetinin banilərindən biri olmuşdur. 1909-cu ildə bu sol qanad Hollandiya sosial-demokrat (“tribunaçılar” partiyası ) halında təşəkkül tapmışdır. Dünya imperialist müharibəsi illərində Qorter beynəlmiləlçi, Zimmervald sol qrupunun tərəfdarı olmuşdur. 1918-1921-ci illərdə Hollandıya Komnunist Partiyasına daxil olmuş və Kominternin işində iştirak etmişdir.

L

Legin Karl (1861-1920) - alman sağ sosial-demokratı, alman həmkarlar ittifaqlarının liderlərindən biri, təftişçi. 1890-cı ildən Almaniya həmkarlar ittifaqları Baş komissiyasının sədri. 1903-cu ildən Beynəlxalq həmkarlar ittifaqları katibliyinin katibi, 1913-cü ildən isə sədri. 1893-cu ildən 1920-ci ilədək (fasilələrlə) Almaniya sosial-demokratiyasından reyxstaqın deputatı. Dünya imperalist müharibəsi zamanı ifrat sosial-şovinist idi. 1919-1920-ci illərdə Veymar Respublikası Milli Məclisinin üzvü olmuşdur. Burjuaziyanın siyasətini müdafiə edir, proletariatın inqilabi hərəkatına qarşı mübarizə aparırdı.

Lenç Paul (1873-1926) - alman sosial demokratı. 1905-1913-cü illərdə Almaniya sosial-demokrat partiyası sol qanadının orqanı olan "Leipziger Volkszeitung"un ("Leypsiq Xalq Qəzeti"nin) redaktoru olmuşdur. Dünya imperialist müharibəsinin əvvəllərindən sosial-şovinizm mövqeyinə keçmişdir. Müharibədən sonra Rur sənaye maqnatlarının orqanı olan "Deutsche Allgemeine Zeitung" ("Alman Ümumi Qəzeti") qazetinin baş redaktoru olmuşdur. 1922-ci ildə Almaniya sosial-demokrat partiyası sıravi üzvlərinin tələbi ilə partiya sıralarından xaric edilmişdir.

Libknext Vilhelm (1826-1900) - alman və beynəlxalq fəhlə hərəkatının görkəmli xadimi, alman sosial-demokrat partiyasının bani və rəhbərlərindən biri. 1875-ci ildən ömrünün sonunadək Libknext Almaniya Sosial-demokrat Partiyası MK-sının üzvü və onun Mərkəzi Orqanı olan "Vorwärts" ("İrəli") qəzetinin məsul redaktoru olmuşdur. 1867-ci ildən 1870-ci ilədək Şimali Almaniya reyxstaqının deputatı olmuş, 1874-cü ildən sonra isə dəfələrlə Almaniya reyxstaqının deputatı seçilmişdir; Prussiya yunkerlərinin mürtəce xarici və daxili siyasətini ifşa etmək üçün parlament tribunasından bacarıqla istifadə edirdi. İnqilabi fəaliyyəti üstündə dəfələrlə həbsə alınmışdır. I İnternasionalın fəaliyyətində və II İnternasionalın təşkilində fəal iştirak edirdi. K. Marks və F. Engels V. Libknexti yüksək qiyməqləndirirdilər. Eyni zamanda onlar Libknextin barışdırıcılıq xarakterində olan ayrı-ayrı səhvlərini tənqid edərək düzgün mövqe tutmaqda ona kömək göstərirdilər.

Libknext Karl (1871-1919) - Almaniya və beynəlxalq işçi hərəkatının görkəmli xadimi, Almaniya sosial demokratiyasının sol qanadının rəhbərlərindən biri, Vilhelm Libknextin oğlu, peşəsinə görə vəkil.

Sosial demokratiyanın sıralarında opportunizm və militarizm əleyhinə fəal mübarizə aparırdı. Rusiyada 1905-1907-ci illlər inqilabı dövründə alman işçilərin ruslardan nümunə götürməyə çağırırdı. 1912-ci ildə reyxstaqın deputatı seçilmişdir. Dünya imperialist müharibəsi illərində soyğunçuluq müharibəsində “öz” hökümətini müdafiə etmək əleyhinə qətiyyətlə çıxış edirdi. 1914-cü ildə dekabrın 2-də bütün reyxstaqda təkcə o, hərbi kreditlər əleyhinə səs vermişdi.

Libknext “İnternasional” qrupunun təşkilatçılarından və rəhbərləridən biri idi. Sonralar bu qrupa “ Spartak”, daha sonra isə “Spartak İttifaqı” adı verilmişdi. 1916-cı ildə Libknext katorqa cəzasına məhkum edilmişdi. Almaniyada 1918-ci il Noyabr inqilabı zamanı R. Lüksemburqla alman işçilərinin inqilabçı avanqardına başçılıq edirdi. O, “Qırmızı Bayraq” qəzetinin redaktoru olmuşdu. Almaniya Kommunist Partiyasının rəhbərlərindən və 1919-cu ilin yanvarında Berlin işçilərinin üsyanının rəhbərlərindən biri olmuşdu. Üsyan yatırıldıqdan sonra Noskenin quldur dəstələri tərəfindən vəhşicəsinə öldürülmüşdü. Lenin Libknextin fəaliyyətini qiymətləndirərkən yazırdı ki, “bu ad rəhbərin proletariat mənafeyinə sədaqətinin, sosialist inqilabına sadəqətinin simvoludur. Bu ad imperializmə qarşı sözdə deyil işdə mübarizənin simvoludur…”

M

Makenzen, Avqust (1849-1945) - general-feldmarşal, alman imperialist hərbçilərinin nümayəndəsi, Fransa-Prussiya müharibəsinin (1870-1871) iştirakçısı. Dünya imperialist müharibəsi dövründə Şərqi Prussiyada alman korpusuna komandanlıq etmiş, Şərq cəbhəsində alman ordularının və Almaniya-Avstriya qoşunları qruplarının baş komandanı olmuşdur.

Marks, Karl (1818-1883) - Elmi kommunizmin banisi, dahi mütəfəkkir, beynəlxalq proletariatın rəhbəri və müəllimi.

Martov, L. (1873-1923) - Menşevizmin liderlərindən biri. İrtica və yeni inqilabi yüksəliş illərində təsviyəçi idi, “Qolos Sosial-Demokrata” qəzetinin redaktoru olmuşdur. Avqust antipartiya konfransında iştirak etmişdir. Dünya imperialist müharibəsi illərində sentrist mövqeyi tuturdu [Yəni, nə öz ölkəsinin militarizmini dəstəkləyirdi, nə də buna qarşı çıxırdı]. 1917-ci ilin Fevral inqilabından sonra beynəlmiləlçi menşeviklər qrupuna başçılıq edirdi. Oktyabr sosialist inqilabından sonra Sovet hakimiyyətinə qarşı çıxış edirdi.

Maslov, P. P. (1867-1946) - iqtisadçı, sosial-demokrat, aqrar məsələsinə dair bir sıra əsərlərin müəllifi idi. Bu əsərlərində o, marksizmi təftiş etməyə çalışırdı. RSDFP II qurultayından sonra menşeviklərə qoşulmuşdu; torpağın bələdiyyələşdirilməsinə dair menşevik proqramını irəli sürmüşdür. İrtica və yeni inqilabi yüksəliş illərində təsviyəçi, dünya imperialist müharibəsi dövründə sosial-şovinist olmuşdur. Oktabr sosialist inqilabından sonra siyasi fǝaliyyətdən uzaqlaşmış, pedaqoji və elmi işlə məşğul olmuşdur. 1929-cu ildən akademik idi.

Monitor - alman sosial-demokratlarından bir opportunistin təxəllüsüdür. 1915-ci ilin aprelində, "Preunische Jahrbucher" ("Prussiya Səlnaməsi") adlı mühafizəkar orqanda məqalə dərc etdirmişdi. Məqalənin müəllifi sosial-demokratiyanın opportunistlər və burjuaziya üçün sərfəli olan sentrist xarakterini açık-aşkar tərifləyir və bunu gələcəkdə də qoruyub saxlamağı təklif edirdi; sosial-demokratiyanın sentrist xarakteri opportunistlərə burjuaziya ilə sinfi əməkdaşlıq siyasətini "sol" ibarələrlə pərdələmək imkanı verirdi.

Muranov, M. K. (1873-1959) - Bolşevik, peşəsinə görə çilingər işçi. 1904-cü ildən RSDFP üzvüdür. Xarkovda partiya işi aparmışdır. Xarkov quberniyasının işçiləri tərəfindən IV Dövlət dumasının deputatı seçilmiş, Dumanın bolşevik qəzetində əməkdaşlıq edirdi. İmperialist müharibəsinə qarşı yönəldilən inqilabi fəaliyyət üstündə 1914-cü ilin noyabrında digər bolşevik deputatlarla birlikdə həbsə alınmış və 1915-ci ildə Turuxansk ölkəsinə sürgün edilmişdir. 1917-1923-cü illərdə RK(b)P MK aparatında işləmişdir. Partiyanın VI, VIII və IX qurultaylarında Mərkəzi Komitənin tərkibinə seçilmişdir. 1922-ci ildən 1934-cü ilədək UİK(b)P MNK üzvü olmuşdur.

Mussolini, Benito (1883-1945) - İtaliya faşistlərinin başçısı, 1922-1943-cü illərdə İtaliyanın faşist diktatoru, əsas müharibə canilərindən biri. Siyasi fəaliyyətə sosialist partiyasının sıralarında başlamışdı. Dünya imperialist müharibəsi başlandıqdan sonra açıqdan-acığa imperialist burjuaziyanın tərəfinə keçdi, bunun üstündə 1914-cü ilin dekabrında partiyadan xaric edildi. 1919-cu ildə inqilabi hərəkata qarşı mübarizə üçün faşist dəstələri təşkil etdi və 1922-ci ildə hakimiyyəti ələ keçirdi. Hitler Almaniyası ilə birlikdə faşist İtaliyası ikinci dünya müharibəsində rol oynadı. Almaniya və İtaliya qoşunlarının darmadağın edilməsi və İtaliyada antifaşist hərəkatının güclənməsi 1943-cü ilin iyulunda Mussolini diktaturasının süqutuna səbəb oldu. 1943-45-ci illərdə hitlerçilər tərəfindən işğal olunmuş İtaliya ərazisində hökümətə başçılıq edirdi. 1945-ci ilin aprelində İtaliya partizanları tərəfindən tutulmuş və Şimali İtaliya Milli azadlıq komitəsi hərbi tribunalının hökmü ilə edam edilmişdir.

N

Napoleon III (Bonapart, Lui) (1803-1873) - 1852-ci ildən 1870-ci ilədək Fransanın imperatoru, I Napoleonun qardaşı oğlu. 1848-ci il inqilabının məğlubiyyətindən sonra Fransa respublikasının prezidenti seçilmişdir. 1851-ci il dekabrın 2-nə keçən gecə dövlət çevrilişi etmişdir. K. Marksın “Lui Bonapartın on səkkiz brumeri” əsərində III Napoleonun xarakteristikası verilmişdir.

Nenarokomov, Q.P. - çar məhkəmə palatasının prokuroru. 1915-ci ilin fevralında çar hakimiyyət orqanları tərəfindən IV Dövlət dumasının bolşevik deputatlarına qarşı düzəldilən mühakimə prosesində ittihamçı kimi çıxış etmişdir.

Nikolay II (Romanov) (1868-1918) - axırıncı rus imperatoru, 1894-cü ildən 1917-ci il Fevral burjua-demokratik inqilabınadək çarlıq etmişdir. Ural vilayət fəhlə və əsgər deputatları Sovetinin qərarı ilə 1918-ci il iyulun 17-də Yekaterinburqda (Sverdlovsk) güllələnmişdir.

P

Pannekuk, Antoni (A. P.) (1873-1960) - Hollandiya sosial-demokratı. 1907-ci ildə Hollandiya Sosial-demokrat fəhlə partiyası sol qanadının orqanı olan "De Tribune" ("Tribuna") qəzetinin banilərindən biri olmuşdur; bu sol qanad 1909-cu ildə Hollandiya Sosial-demokrat partiyası ("tribunistlar" partiyası) kimi təşəkkül tapmışdır. 1910-cu ildən alman sol sosial-demokratları ilə sıx bağlı olmuş, onların orqanlarında fəal əməkdaşlıq etmişdir. Dünya imperialist müharibəsi illərində beynəlmiləlçi idi, Simmervald sol qrupunun nəzəri orqanı olan "Vorbote" ("Müjdəçi") jurnalının nəşrində iştirak etmişdir. 1918-1921-ci illərdə Hollandiya Kommunist partiyasına daxil olmuş və Kominternin işində iştirak etmişdir. İfrat sol, təriqətçilik mövqeyi tuturdu. V. İ. Lenin "Kommunizmdə "solluq" uşaq xəstəliyi" əsərində Pannekukun və digər "ifrat solların" baxışlarını kəskin tənqid etmişdir. 1921-ci ildə Pannekuk Kommunist partiyasından çıxmış və bir qədərdən sonra fəal siyasi işdən uzaqlaşmışdır.

Petrovski, Q. İ. (1878-1958) - inqilabi fəhlə hərəkatının iştirakçılarından biri, bolşevik, sonralar stalinist bürokratiyanın nümayəndəsi olmuşdur. 1897 ci ilden RSDFP üzvü. Birinçi rus inqilabı zamanı Yekaterinoslavda (inaçki Dneprdə) fəhlə hərəkatının rəhbərlərindən biri. Yekaterinoslav quberniyasının fəhlələri tərəfindən IV Devlət Dumasının deputatı seçilmişdi, dumanın bolşevik fraksiyasına daxil idi. 1914-cu ilin noyabrında imperialist müharibəsinə qarşı yönəldilən inqilabi fəaliyyət üstündə digər bolşevik deputatlarla birlikdə həbsə alınmış və 1915-ci ildə Turuxansk ölkəsinə sürgün edilmişdi. Oktyabr sosialist inqilabının fəal iştirakçısı olmuşdur. 1917-1919-cu illərdə RSFSR xalq daxili işlər komissarı, 1919-cu ildən 1938-ci ilədək Ümumukraynaya MİK-in sədri, SSRİ təşkil edildikdən sonra SSRİ MİK-in sədrlərindən biri, 1938-1940-cı illərdə SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdur. 1926-1939-cu illərdə ÜİK(b)P MK Siyasi Burosu üzvlüyünə namizəd idi. 1940-cı ildən SSRİ İnqilab muzeyi direktorunun muavini olmuşdur.

Plexanov (1856-1918) - rus və beynəlxalq işçi hərəkatının görkəmli xadimi, Rusiyada marksizmin ilk təbliğatçısı. 1883-cü ildə Cenevrədə ilk rus marksist təşkilatı olan “Əmək azadlığı” qrupunu yaratmışdı. Plexanov xalqçılığa [Narodnik (xalqçı) hərəkat fərdi terrorizm üsulu ilə kəndliləri ayaqlandırmağı hədəfləyirdi.] qarşı mübarizə aparır, beynəlxalq işçi hərəkatında təftişçiliyə [Marksizmi təhrif etmək] qarşı çıxırdı. 1900-cu ilərin əvvəllərində “İskra” qəzeti və “Zarya” jurnalı redaksiyasına daxil olurdu. 1883-cü ildən 1903-cü ilədək Plexanov materialist dünya görüşünün müdafiə və təbliğində böyük rol oynayan bir sıra əsərlər yazmışdır: “Sosializm və siyasi mübarizə”, “Tarixdə ixtilaflarımız”, “Tarixə monist baxışının inkişafı məsələsinə dair”, “Materializm tarixinə dair oçerklər”, “Tarixdə şəxsiyyətin rolu məsələsinə dair” və başqaları. Lakin hələ o zaman Plexanovun ciddi səhvləri var idi və bu səhvlər onun gələcək menşevik baxışlarının rüşeymi oldu. RSDFP II qurultayından sonra Plexanov opportunizmlə barışdırıcılıq mövqelərinə keçdi, sonra isə menşeviklərə qoşuldu. 1905 inqilabı dövründə bütün əsas məsələlərdə menşevik mövqelərində dururdu. İrtica və yeni inqilabi yüksəliş illərində marksizmin təftiş edilməsinə və təsviyəçiliyə qarşı çıxır, partiyalı menşeviklər qrupuna başçılıq edirdi. Dünya imperialist müharibəsi zamanı sosial-şovinist mövqelərinə keçdi. 1917-ci il Fevral inqilabından sonra Rusiyaya qayıdıb müdafiəçi menşeviklərin “Yedinstvo” ifrat sağ qrupuna başçılıq etdi. Bolşeviklərə və sosialist inqilabına qarşı fəal çıxış edir və belə hesab edirdi ki, Rusiya sosializmə keçmək üçün yetişməmişdir. Oktyabr sosialist inqilabına mənfi münasibət göstərmiş, lakin sovet hakimiyyətinə qarşı mübarizədə iştirak etməmişdir.

V.İ. Lenin Plexanovun fəlsəfi əsərlərini və marksizmin Rusiyada yayılmasında onun rolunu yüksək qiymətləndirirdi; eyni zamanda o, marksizmdən geri çəkilməsi və siyasi fəaliyyətindəki səhvlər üstündə Plexanovu kəskin tənqid edirdi.

A.N Potresov (1869-1934) - menşevizmin liderlərindən biri. İrtica və yeni inqilabi yüksəliş illərində təsviyəçiliyin ideoloqu olmuş, menşevik “Bozrojdeniye”, “Naşa Zarya” jurnallarında və təsviyəçi menşeviklərin başqa orqanlarında rəhbər rol oynamışdır. Dünya imperialist müharibəsi zamanı sosial- şovinist idi. Oktyabr sosialist inqilabından sonra mühacirət etmişdir. Xaricdə Kerenskinin həftəlik “Dni” qəzetində işləyirdi.

R

Rakovski, X.Q. (1873-1941) - 1890-cı illərin əvvəllərində Bolqarıstan, Rumıniya, İsveçrə və Fransanın sosial-demokrat hərəkatında iştirak etmişdir. Dünya imperialist müharibəsi illərində sentrist idi. Bolşevik partiyasına 1917-ci ildən daxil olmuşdu. Oktyabr sosialist inqilabından sonra partiya və sovet işində çalışmışdır. Stalinin iqtidarını bürokratik mərkəziyyətçilik olaraq tərif etdikdən sonra Lev Trotskinin liderliyindəki sol müxalifətə qatılır. Stalinizm tənqidinə görə hökümət daxilində marjinallaşdırılan Rakovski Sovet səfiri olaraq London və Parisə göndərilir. 1927-də geri çağırılan Rakovski ölkə daxili sürgünə məruz qalır. Saxta Moskva məhkəmələrinin hökmü ilə NKVD tərəfindən öldürülür.

Renner, Karl (1870-1950) - Avstriya siyasi xadimi, Avstriya sağ sosial-demokratlarının lideri və nəzəriyyəçisi. "Avstriya marksizmi" deyilən nəzəriyyənin ideoloqlarından və "mədəni-milli muxtariyyət" burjua-millətçi nəzəriyyəsinin müəlliflərindən biri. Dünya imperialist müharibəsi dövründə sosial-şovinist idi. 1919-1920-ci illərdə Avstriyanın kansleri, 1945-1950-ci illərdə prezidenti olmuşdur.

Roland-Holst, Genrietta (1869-1952) - Hollandiya sosialisti, yazıçı. Qadın ittifaqlarının təşkili sahəsində işləyirdi, 1907-ci ildən “Tribuna” qəzeti ətrafında qruplaşan və 1909-cu ildə Hollandiya Sosial-Demokrat Partiyası halında formalaşan Hollandiya sosial-demokratlarının sol qanadına qoşulmuşdu. Dünya imperialist müharibəsinin əvvəllərində sentrist mövqeyi tuturdu. Sonra beynəlmiləlçiliyə qoşulmuş, Simmervald sol qrupunun nəzəri orqanı “Müjdəçi” jurnalının nəşrində iştirak etmişdir. 1918-1927-ci illərdə Hollandiya Kommunist Partiyasına daxil olmuşdu və Kominternin işində iştirak edirdi. 1927-ci ildə Kommunist partiyasından çıxmışdır. Sonralar xristian sosializmi mövqeyində dururdu.

Romanovlar - 1613-cü ildən 1917-ci ilədək hökmranlıq etmiş rus çarları və imperatorlarının sülaləsi.

Rubanoviç, İ. A. (1860-1920) - eserlər partiyasının liderlərindən biri. Amsterdamda (1904) və Ştutqartda (1907) keçirilən Beynəlxalq sosialist konqreslərində eserlər partiyasının nümayəndəsi olmuşdur. Beynəlxalq sosialist bürosunun üzvü idi. Dünya imperialist müharibəsi zamanı sosial-şovinist olmuşdu. Oktyabr sosialist inqilabından sonra Sovet hakimiyyətinin əleyhdarı idi.

S

Samba, Marsel (1862-1922) - Fransız Sosialist Partiyasının reformist liderlərindən biri, jurnalist. Fransa sosialist mətbuatında fəal əməkdaşlıq edirdi. 1893-cü ildən deputatlar palatasının üzvü. Dünya imperialist müharibəsi zamanı sosial-şovinist idi. 1914-cü ilin avqustundan 1917-ci ilin sentyabrınadək Fransanın imperialist “milli müdafiə höküməti”ndə ictimai işlər naziri olmuşdur. 1915-ci ilin fevralında Antanta ölkələri sosialistlərinin London konfransında iştirak etmişdir. Bu konfrans onları sosial-şovinizm proqramı əsasında birləşdirmək məqsədi ilə çağırılmışdır.

Setkin, Klara (1857-1933) — alman və beynəlxalq fəhlə hərəkatının görkəmli xadimi, Almaniya Kommunist Partiyasının banilərindən biri, istedadlı yazıçı, alovlu natiq və tribun. Alman sosial-demokratiyasının sol qanadına mənsub olan Setkin Bernşteynə və başqa opportunistlərə qarşı mübarizədə R. Luksemburq, F. Merinq və K. Libknextlə birlikdə fəal iştirak edirdi. Dünya imperialist müharibəsi illərində inqilabçı beynəlmiləlçi idi, sosial-şovinizmə qarşı çıxırdı. Lakin 1915-ci ilin martında Berndə keçirilən Beynəlxalq sosialist qadınlar konfransında sentrizmə tərəf meyl etmişdi. 1916-cı ildə "İnternasional" qrupuna, sonra isə "Spartak İttifaqı"na daxil olmuşdur. 1919-cu ildən Almaniya Kommunist partiyasının üzvü idi; partiya MK-sının üzvü seçilmişdi. Kommunist İnternasionalının ІІІ konqresində İnternasionalın İcraiyyə Komitəsinə seçilmişdi. Onun beynəlxalq qadınlar katibliyinə başçılıq edirdi. 1924-cü ildən İnqilab mübarizlərinə beynəlxalq yardım təşkilatı (MOPR) İcraiyyə komitəsinin daimi sədri idi.

Ş

Şeydman Filipp (1865-1939) - alman sosial-demokratiyasının ifrat sağ, opportunist qanadının liderlərindən biri. 1903-cü ildən reyxstaqın sosial-demokrat fraksiyasına daxil idi. 1911-ci ildə Almaniya Sosial-demokrat Partiyası İdarə heyətinin üzvü seçilmişdir. Dünya imperialist müharibəsi illərində qatı sosial-şovinist idi. Almaniyada 1918-ci il Noyabr inqilabı zamanı əksinqilabi Xalq Müvəkkilləri Şurasının tərkibinə daxil olaraq spartakçılara qarşı talançılıq təşviqatının fitvaçısı olmuşdur. 1919-cu ilin fevral-iyununda Veymar respublikasının koalisiyalı hökumətinə başçılıq etmiş, 1918-1921-ci illərdə alman işçi hərəkatına qanlı divan tutulmasının təşkilatçılarından biri olmuşdur. Sonralar fəal siyasi işdən uzaqlaşmışdır.

T

Trotski, L. D. (1879-1940) - marksist nəzəriyyəçi, Leninin ölümü sonrası işçi sinfinin mənfəətləri üçün ölüm-qalım mübarizəsinə girən inqilabçı. 1897-ci ildə Cənubi Ukraynanın Kerson regionunda, yəhudi ailəsində həyata göz açır. Gənc yaşlarında inqilabi hərəkata qatılır. 1897-ci ildə narodnik fikirləri səbəbilə məktəbdən qovulan Trotski sürgün şəraitində markist külliyatını oxuması səbəbilə sosial-demokrat olur. 1903-cü ildə RSDFP bolşevik və menşevik fraksiyalarına bölündüyündə bölünməyə qarşı çıxaraq birlikdə hərəkat etməyi tövsiyyə edir. İllər sonra isə gənclik zamanındakı bu düşüncələrini tənqid etmişdir. 1905-ci il inqilabi dövründə permanent inqilab nəzəriyyəsini inkişaf etdirir. Bu nəzəriyyəyə görə tarixi dinamikalar hər zaman eyni mərhələləri izləmir. Klassik marksizmdə olan “ilk öncə feodalizmdən kapitalizmə keçid etmək lazımdır. Daha sonra isə sosializmə keçid üçün şərtlər olacaqdır” tezinə qarşı çıxaraq tarixi mərhələlərin sıçrayışlarla baş verə biləcəyini ifadə edir. Yəni, kəndlilərin işçilərdən sayca üstün olduğu Rusiya Çarlığında sosializmə keçid mümkün idi. Birinci dünya imperialist müharibəsi zamanı sosial-şovinizmə qarşı çıxdı. Fəqət, bolşeviklərin “inqilabçı məğlubiyyətçilik” [Müharibədə öz ölkəsinin məğlub olmasını, bununla da inqilabi vəziyyətin yaranmasını dəstəkləyən strategiya] strategiyasını da qəbul etmədi. İllər sonra bu xətasını da tənqid etdi. 1917-ci ildə bolşeviklərə qatıldı. Lenin Trotski haqqında “aramıza ən gec qatılan yoldaş Trotski olsa da, qəbul etmək lazımdır ki, aramızda ən bacarıqlı yoldaş Trotskidir.” demişdir. Oktyabr inqilabında Leninlə birlikdə böyük rollar almışdır. Ona görə də, Lenin və Trotski Oktyabr İnqilabının memarları sayılır. 1918-ci ildə vətəndaş müharibəsi zamanı Qızıl Ordunu qurur. Vətəndaş müharibəsi zamanı hərb elminə dair çox təcrübəsi olmasa da, müharibə taktikalarını dahicə yerinə yetirir. Dünya inqilabı hədəfini Lenin ölümünə yaxın bir zamanda Trotskiyə məktub yazaraq növbəti Mərkəzi Komitə iclasında Stalini birinci katiblik vəzifəsindən ixrac etmək üçün onunla birlikdə olmağa çağırdı. Lakin, növbəti Mərkəzi Komitə iclasına qədər Lenin vəfat etdi. Trotski Leninin ölümündən sonra Stalinə və onun təmsil etdiyi bürokratiyaya qarşı mübarizə başlatdı. Partiya daxilində “Sol müxalifət” fraksiyası quraraq “tək ölkədə sosializm” nəzəriyyəsi və digər ölkələrdəki inqilabların Stalinist Kominternin əli ilə boğulmasına qarşı mübarizə apardı. 1928-ci ildə Qazaxıstanın Almatı şəhərinə sürgün edildi. Daha sonra isə, Sovet ərazisində qalması qadağan edilərək İstanbula sürgün edildi. 1929-1933-cü illər aralığında İstanbulda Böyükada bölgəsində yaşadı. 1933-cü ildə viza alaraq Fransaya getdi. Fəqət, Fransada siyasi fəaliyyət göstərdiyi və Fransız hakim sinfinə qarşı yazılar yazdığı üçün Fransa ərazisindən də qovuldu. Daha sonra, Norveçə yerləşsə də, burada da çox qala bilmədi. Ən sonunda isə 1937-ci ildə Meksikaya sığındı. Trotskist sindikatların məsul şəxsləri tərəfindən qaldığı evdə çox intensiv qorunurdu. Burada 4-cü İnternasionalın inşasına başladı. 1940-cı ildə NKVD agenti Ramon Merkader adlı stalinist tərəfindən öldürüldü. Ölməzdən əvvəl son sözləri isə, “Dördüncü İnternasionalın qələbəsindən əminəm, irəli!” olmuşdur. Trotski Lenindən sonra inqilabçı marksizmin təmiz bayrağını daşıyan inqilabçı olaraq həyatını itirmişdir. Amma, Trotski ölsə də, Marksın, Leninin, Trotskinin bayrağını daşıyan inqilabçılar bütün ölkələrdə fədakarcasına mübarizə aparmağa davam edirlər. Azərbaycanda fəaliyyət göstərən trotskist təşkilat olaraq “İnqilabın Səsi” nümunə göstərilə bilər.

Trulstra, Piter Yelles (1860-1930) - Hollandiya fəhlə hərəkatının xadimi, sağ sosialist. Hollandiya Sosial-demokrat fəhlə partiyasının banilərindən (1894) və liderlərindən biri idi. XX əsrin əvvəllərində beynəlmiləlçilik mövqelərindən uzaqlaşmış və ifrat opportunizm mövqeyinə keçmişdir. Hollandiya Sosial-demokrat fəhlə partiyasının 1907-ci ildən "De Tribune" ("Tribuna") qəzeti ətrafında qruplaşan və 1909-cu ildə Hollandiya Sosial-demokrat Partiyasını əmələ gətirən sol qanadına qarşı mübarizə aparırdı. Dünya imperialist muharibəsi zamanı almanpərəst sosial-şovinist idi. V. İ. Lenin Trulstranın opportunist siyasətini dəfələrlə kəskin tənqid etmiş, onun özünü "...burjuaziyaya xidmət edən və fəhlələri aldadan satqın, opportunist başçı" numunəsi adlandırmışdır.

V

Valyan, Eduard Mari (1840-1915) - Fransız sosialisti, II İnternasionalın rəhbərlərindən biri. Əvvəllər I İnternasionalın Baş Şurasının üzvü idi, Paris Kommunasının İcraiyyə Komissiyasına daxil olmuşdu. Fransa Sosialist partiyasının yaradılmasında (1901) təşəbbüsçülərdən biri idi. 1905-ci ildə, Fransa Sosialist partiyası reformist Fransız sosialist partiyası ilə birləşdikdən sonra Valyan ən mühüm məsələlərdə opportunist mövqeyi tuturdu. Dünya imperialist müharibəsi illərində sosial-şovinist idi.

Vandervelde, Emil (1886-1938) - Belçika fəhlə partiyasının lideri, II İnternasionalın Beynəlxalq sosialist burosunun sədri, ifrat opportunist mövqeyi tuturdu. Dünya imperialist müharibəsi zamanı sosial-şovinist idi; burjua hökumətinə daxil olub, müxtəlif nazir vəzifələrində işləyib. 1917-ci il Fevral burjua-demokratik inqilabından sonra imperialist müharibəni davam etdirmək lehinə təşviqat aparmaq üçün Rusiyaya gəlmişdi. Oktyabr sosialist inqilabına düşmən münasibəti bəsləyir, Sovet Rusiyasına qarşı xarici silahlı müdaxiləyə fəal kömək edir, II İnternasionalı bərpa etməyə çalışırdı. 1925-1927-ci illərdə Belçikanın xarici işlər naziri idi, SSRİ-yə qarşı yönəldilən Lokarno sazişlərinin bağlanmasında (1925) iştirak etmişdi, faşizmə qarşı kommunistlərlə sosialistlərin vahid cəbhəsinin yaradılması əleyhinə fəal mübarizə aparırdı. Bir sıra kitabların və kitabçaların müəllifidir. V. İ. Leninin göstərdiyi kimi, bu əsərlərdə "marksizmə qarşı meşşan eklektisizmi, dialektikaya qarşı sofistika, proletar inqilabına qarşı filister reformizmi" çıxış edir.

Z

Zudekum, Albert (1871-1944) - Almaniya sosial-demokratiyasının opportunist liderlərindən biri, təftişçi. 1900-cü ildən 1918-ci ilədək reyxstaqın deputatı. Dünya imperialist müharibəsi zamanı qatı sosial-şovinist idi. Mustəmləkə məsələsinə dair imperialist baxışlarını təbliğ edir, fəhlə sinfinin inqilabi hərəkatına qarşı mübarizə aparırdı. 1918-1920-ci illərdə Prussiyanın maliyyə naziri idi. V. İ. Lenin özünün bir sıra əsərlərində kəskin surətdə Züdekuma qarşı çıxaraq onu və onun tərəfdarlarını "kayzerin və burjuaziyanın mənfur nökərləri" bandası adlandırmışdır.

Join us

If you want more information about joining the RCI, fill in this form. We will get back to you as soon as possible.